“Kontakt linzalardan düzgün istifadə edildikdə ciddi problem yaranmaya bilər”
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.
O, izləyicinin rəngli linzalarla bağlı sualını cavablandırarkən əvvəlcə göz daxili linzalarla kontakt linzaların fərqli olduğunu bildirib:
“Göz daxili linzalar gözün rəngini dəyişmir. İşığı verə bilər, amma rəngi dəyişmir. Əgər izləyicimiz kontakt linzalar barədə soruşursa, kontakt linzalardan istifadə etmək olar”.
Oftalmoloqun sözlərinə görə, kontakt linzalardan istifadə zamanı əsas məsələ gigiyena və düzgün qulluq qaydalarına əməl etməkdir. Linzanın düzgün taxılması, vaxtında dəyişdirilməsi və təmiz saxlanılması vacibdir:
“Linzanı düzgün taxırsa, vaxtında dəyişirsə və təmizliyinə riayət edirsə, ciddi problem yaranmaya bilər. Sadəcə, həmin linzadan necə istifadə etməyin qaydalarını bilmək lazımdır”.
İ.Cərullazadə qeyd edib ki, rəngli kontakt linzaların da müxtəlif növləri mövcuddur. Bəzi linzalar yalnız estetik məqsədlə, məsələn, tədbirlərdə istifadə üçün nəzərdə tutulur. Digərləri isə həm göz rəngini dəyişmək, həm də görməni korreksiya etmək funksiyasına malikdir.
Zeynəb Rzayeva
















