Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçi Nəsimi Musayev barədə danışıb. O, bildirib ki, azərbaycanlı hərbçinin Ermənistana keçmək istədiyi və ya yolu azması ilə bağlı hələlik fakt yoxdur. Onun sözlərinə görə, Nəsimi Musayev müəyyən müddət Ermənistanda qalacaq. Məsələ ilə bağlı ətraflı araşdırma aparılmalıdır.
Hərbi ekspert Tərlan Eyvazov Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.
O, bildirib ki, hərbçinin qarşı tərəfə keçməsi kifayət qədər mürəkkəb hadisədir:
"Hərbçimizin itkin düşməsindən dərhal sonra Azərbaycanın aidiyyəti orqanları tərəfindən Ermənistan tərəfinə rəsmi məlumat verilib. Bildirilib ki, müəyyən şəraitlə bağlı hərbçinin yolu azması, ərazidən uzaqlaşması və ya postdan geriyə qayıdarkən itkin düşməsi ehtimalı var. Diqqətçəkən məqamlardan biri odur ki, həmin şəxs nəinki bizim, hətta Ermənistanın da müdafiə postlarından yan keçməyi bacarıb. Xüsusilə vurğulanır ki, hərbçinin hər hansı kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması barədə heç bir fakt yoxdur".

Hərbi ekspert Tərlan Eyvazov
Ekspert hesab edir ki, hərbçi hər hansı xüsusi döyüş və ya kəşfiyyat tapşırığı icra etsəydi, bu barədə valideynlərə məlumat verilməzdi:
"Mövcud məlumatlara görə, əsgərimiz bizə hələlik məlum olmayan səbəblərdən hərbi hissəni tərk edərək qarşı tərəfə keçib. Azərbaycan və Ermənistanın hərbi idarələri arasında olan razılaşmalara əsasən, bu kimi hallarda hər iki tərəf hərbçiləri qarşılıqlı şəkildə təhvil verməlidir. Təsadüf nəticəsində və ya hər hansı başqa səbəbdən hərbçinin əməlində xəta olubsa, bu məsələ mütləq obyektiv şəkildə araşdırılmalıdır", - deyə müsahibimiz əlavə edib.
T. Eyvazov vurğulayıb ki, Ermənistan tərəfi bu hadisədən öz siyasi məqsədləri üçün istifadə edə bilməz. Çünki ölkələrin təcrübəsində sərhəd və təmas xəttində bu cür insidentlərin baş verməsi mümkündür və labüddür:
"Hazırda Ermənistanda və onun parlamentində yaşanan siyasi gərginlik fonunda rəsmi İrəvan emosiyaların yatmasını və vəziyyətin sabitləşməsini gözləyəcək, bundan sonra isə əsgərimiz ölkəmizə təhvil veriləcək. Bu, gözləniləndir. Hərbçinin qaytarılmasından sonra hansı hüquqi və inzibati tədbirlərin görüləcəyi isə proseslərin gedişatında bəlli olacaq. Çünki hadisənin tam təfərrüatı ilə bağlı ilk növbədə Müdafiə Nazirliyinin rəsmi və konkret açıqlaması gözlənilir".
Qeyd edək ki, Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev həmin ölkədə 2 ay müddətinə həbs edilib. Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Gülşən Şərif
















