• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Əraqçi impiçment təhlükəsi ilə ÜZ-ÜZƏ: İranda nə baş verir?

SİYASƏT

07 Oktyabr 2026 | 16:15 | Müəllif: Gülşən Şərif

Əraqçi impiçment təhlükəsi ilə ÜZ-ÜZƏ: İranda nə baş verir?

İran parlamentində İranın xarici işlər naziri Abbas Əraqçinin impiçmenti tələb edilib. İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Rəşidi Əraqçinin impiçmenti ilə bağlı müraciətin parlamentin elektron sistemində qeydə alındığını, lakin müraciətin hələ Rəyasət Heyətinə göndərilmədiyini bildirib. İmpiçment təşəbbüsünün Əraqçinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı olduğu bildirilir. Belə ki, bu təmasların İranın ali rəhbərinin icazəsi olmadan keçirildiyi iddia olunur.

Abbas Əraqçinin impiçmenti baş tuta bilərmi? Müraciət rəsmi formada təsdiqlənərsə, bu, İranın daxili siyasətinə necə təsir edə bilər?

Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın açıqlaması indiki mərhələdə İranın xarici siyasəti üçün ciddi riskdir:

"Abbas Əraqçiyə qarşı impiçment tələbi onun həmən tutduğu vəzifədən gedəcəyi anlamına gəlmir. Hazırkı məlumatlara görə, müraciət parlamentin elektron sistemində qeydiyyata alınsa da, parlamentin Rəyasət Heyətinə rəsmi formada hələlik göndərilməyib. Doğrudur, Əraqçinin impiçmenti hüquqi baxımdan baş tuta bilər, amma siyasi baxımdan bunu yüksək ehtimallı nəticə hesab etmək tezdir. İran Konstitusiyasının 89-cu maddəsinə görə, nazirə qarşı impiçment tələbinin parlamentdə qaldırılması üçün ən azı 10 deputatın imzası lazımdır. Məsələ rəsmiləşdirilərsə, nazir parlament qarşısında izahat verməlidir və daha sonra isə etimad səsverməsi keçirilməlidir. Parlament etimad göstərmədiyi təqdirdə, nazir vəzifəsindən azad edilir". 

Politoloq Çingiz Şahbazi

Ç. Şahbazi qeyd edib ki, müraciətin parlamentin Rəyasət Heyətinə təqdim edilməməsi onu göstərir ki, plenar iclasda impiçment prosedurunun başlaması barədə yekun rəy yoxdur. Müraciətin əsas təşəbbüskarlarından biri Tehran deputatı Əmirhüseyn Sabitidir. O, Əraqçini ABŞ rəsmiləri ilə Nyu-Yorkda təmaslara görə, Ali rəhbərin icazəsi və siyasi qərarvermə mexanizmləri ilə lazımi koordinasiya olmadan hərəkət etməkdə ittiham edir. 

"İranın sərt mühafizəkar deputatları hesab edirlər ki, Abbas Əraqçi Nyu-Yorkda ABŞ xüsusi nümayəndəsi Stiv Vitkoff ilə sentyabrın 22-də görüşmək üçün guya lazımi mandat almayıb. Lakin digər iranlı deputatlar isə tamamilə fərqli mənzərə təqdim edirlər. Milli Təhlükəsizlik Ali Şurasının katibi Mövsün Rzayi bildirib ki, Əraqçiyə İranın şərtlərini vasitəçilərə çatdırmaq tapşırılmışdı. Bununla bağlı İran televiziyası görüşün ABŞ tərəfinin təkrar müraciətindən sonra baş verdiyini və məqsədin Tehranın şərtlərini çatdırmaq olduğunu bildirib. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Möctəba Zareinin də Əraqçinin lazımi səlahiyyətlə hərəkət etdiyini söylədiyi bildirilir", - deyə müsahibimiz vurğulayıb.

Politoloq bildirib ki, Əraqçi ABŞ rəsmisi ilə görüşü zamanı Hörmüz boğazı ilə bağlı İranın şərtlərini ABŞ tərəfinə çatdırıb. Burdan da məlum olur ki, problem görüş zamanı aparılan məzmunla əlaqəli yox, yuxarı siyasi rəhbərlikdən mandatın olub-olmadığı ilə bağlıdır:

"Hesab edirəm ki, bu, daha çox hakimiyyət daxilində olan tərəflərin mübarizədir və buna görə Əraqçinin vəzifədən azad edilməsi baş verərsə, bu, İranın ABŞ ilə danışıqlar prosesinə kifayət qədər ciddi təsir göstərəcək. Fikrimcə, Əraqçinin vəzifədən azad edilmə ssenarisinin baş tutması ehtimalı aşağıdır. Hər bir halda parlamentdə deputatlar etimad səsverməsi məsələnin real istiqamətini müəyyən edəcəklər".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR