“Bu saziş Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, Gənclər Təşkilatının fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Şahin İsmayılov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2026-cı il sentyabrın 10-da imzalanan sazişin əsas məqsədi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycandakı fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyənləşdirmək və Katibliyin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməsi üçün zəruri şərait yaratmaqdır.
Sənəddə təşkilatın hüquqi statusu, ona verilən imtiyazlar, fəaliyyətinin maliyyələşdirilməsi, ofis və kommunal xidmətlərlə təmin olunması, eləcə də əməkdaşların və onların ailə üzvlərinin ölkəyə giriş-çıxışı ilə bağlı məsələlər əksini tapıb.
Ş.İsmayılovun sözlərinə görə, saziş Azərbaycan hökumətinin Katibliyin fəaliyyətinə dəstəyini və əməkdaşların xidməti vəzifələrini səmərəli yerinə yetirmələri üçün müvafiq şəraitin yaradılmasını nəzərdə tutur.
Deputat qeyd edib ki, 12 maddədən ibarət olan sənədin preambulasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması və qərargahının Bakı şəhərində yerləşməsi ilə bağlı müddəalar da yer alıb.
O vurğulayıb ki, sazişin təsdiqi təşkilatın fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.
Zeynəb Rzayeva
















