• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

"Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdiriləcək"

SİYASƏT

13 Oktyabr 2026 | 11:57 | Müəllif: Günəş Mərd

"Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdiriləcək"

“Bu saziş Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sahəsində əlaqələrin genişlənməsində mühüm rol oynayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zaur Şükürov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, saziş Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iyulun 1-də Bişkek şəhərində imzalanıb. Sənəd iki ölkə arasında sərnişin və yük daşımalarının tənzimlənməsini, avtomobil əlaqələrinin inkişafını və tranzit daşımaları üzrə şərtlərin sadələşdirilməsini nəzərdə tutur.

Zaur Şükürovun sözlərinə görə, saziş hər iki ölkədə qeydiyyatda olan avtomobil nəqliyyatı vasitələri ilə beynəlxalq və tranzit yük, eləcə də sərnişin daşımalarının həyata keçirilməsi qaydalarını müəyyənləşdirir.

Sənəddə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, yükdaşımalar, iri və ağırçəkili yüklərin daşınması, tələb olunan sənədlər, rüsumlar, ödənişlər, sığorta, gömrük prosedurları və nəzarət mexanizmləri ilə bağlı müddəalar əksini tapıb. Həmçinin tərəflər arasında fikir ayrılıqlarının həlli və birgə komissiyaların yaradılması məsələləri də tənzimlənir.

Deputat qeyd edib ki, saziş çərçivəsində sərnişinlərin, heyvanların və tez xarab olan məhsulların daşınması zamanı müvafiq sərhəd və gömrük qaydalarına əməl olunması nəzərdə tutulur. Eyni zamanda, tərəflərin milli təhlükəsizliyinə zərər vura biləcək tranzit daşımalarının məhdudlaşdırılması imkanları saxlanılır:

“Sazişin qüvvəyə minməsi iki qardaş ölkə arasında nəqliyyat əlaqələrinin genişlənməsinə və Orta Dəhliz üzrə daşımaların həcminin artmasına müsbət təsir göstərə bilər”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR