• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Azərbaycanda dini dövləti qurmaq istəyirlər: Prosesin arxasında onlar... - SENSASİON AÇIQLAMA 

SİYASƏT

13 Oktyabr 2026 | 14:37 | Müəllif: Günəş Mərd

Azərbaycanda dini dövləti qurmaq istəyirlər: Prosesin arxasında onlar... - SENSASİON AÇIQLAMA

"Baş verən hadisələrə yalnız məktəblərdə geyim qaydaları müstəvisində yanaşmaq düzgün deyil".

Politoloq Cümşüd Nuriyev bunu Azərbaycanda təhsil müəssisələrində baş verən son hadisələr barədə Bakıvaxtı.az-a danışarkən bildirib. 

Onun sözlərinə görə, hadisələrin Azərbaycanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində baş verməsi təsadüfi deyil:

"Hadisələr Prezidentin oktyabrın 8-dəki çıxışından sonra gündəmə gəlib. Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı sentyabrın 21-də qəbul edilib. Qərarın qəbulundan müəyyən müddət keçdikdən sonra məsələnin gündəmə gətirilməsi siyasi sifariş ehtimalını yaradır".

O bildirib ki, bu prosesin arxasında yalnız Azərbaycanın cənub qonşusunun deyil, şimal qonşusunun da rolunun ola biləcəyini düşünür:

"Gürcüstanın baş naziri səviyyəsində son dövrlərdə Azərbaycana qarşı səsləndirilən fikirlər də təsadüfi deyil. Müəyyən qüvvələr müxtəlif yollarla, o cümlədən dolayı vasitələrlə Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar".  

C.Nuriyev məsələnin məktəblilərlə bağlı tərəfinə də diqqət çəkib. O hesab edir ki, uşaqlar 18 yaşına qədər dini məsələlərin mahiyyətini tam dərk etməyə bilərlər.

Politoloqun iddiasına görə, orta məktəblərdə hicabla bağlı çağırışlarla yanaşı, bəzi şagirdlərə müəyyən dini baxışlar aşılanır, dini ayinlər və mərasimlər təbliğ edilir. O, bu proseslərin arxasında plakatların hazırlanması və yayılması ilə bağlı təşkilatlanmış fəaliyyətin dayana biləcəyini bildirib.

"Burada müəyyən şəbəkənin mövcudluğu ehtimalı araşdırılmalıdır. Bu şəbəkənin arxasında “beşinci kolon” dayana bilər. Hüquq-mühafizə orqanlarının araşdırmalar nəticəsində prosesdə iştirak edən şəxsləri müəyyənləşdirəcəyinə ümid edirəm".

C.Nuriyev bəzi imkanlı şəxslərin də bu məsələdə adının hallana biləcəyini düşündüyünü söyləyib. 

"Prezident Qarabağ məsələsini həll etdikdən sonra ölkə daxilində qayda-qanunun möhkəmləndirilməsinə çalışır. Bəzi qüvvələr isə diqqəti başqa istiqamətə yönəltməyə cəhd edir".

Cümşüd Nuriyev: Bu şəbəkənin arxasında “beşinci kolon” dayana bilər

O bildirib ki, plakatların hazırlanması və yayılması maliyyə tələb edir və buna görə də vəsaitin mənbəyi, maliyyələşmənin kimlər tərəfindən həyata keçirildiyi araşdırılmalıdır.

“Bu maliyyə haradan qaynaqlanır? Kimlər bu maliyyənin arxasında dayanır? Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərardan təxminən iki həftə sonra bu məsələlərin gündəmə gəlməsinin səbəbi nədir?” – deyə politoloq suallar ünvanlayıb.

C.Nuriyev hesab edir ki, prosesin arxasında Azərbaycanda dini dövlət qurmaq məqsədi dayana bilər. O, Azərbaycan Konstitusiyasının 18-ci maddəsini xatırladaraq, dinin dövlətdən ayrı olduğunu vurğulayıb. Politoloqun fikrincə, məktəblərlə bağlı məsələlərin siyasi müstəviyə daşınması və hicabla bağlı plakatların yayılması daha geniş məqsədlərin mövcudluğu ehtimalını gündəmə gətirir.

"Dövlət özünü və konstitusion quruluşunu qorumalı, milli təhlükəsizlik və dini ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməlidir. Bu məsələlər ciddi nəticələr doğura bilər".

Onun sözlərinə görə, uşaqların siyasi və dini məqsədlər üçün vasitəyə çevrilməsi yolverilməzdir. Politoloq hesab edir ki, bu proseslərdə iştirak edən şəxslər tərəfindən qanun pozuntularına yol verilibsə, onlar məsuliyyətə cəlb olunmalıdırlar.

O bildirib ki, şagirdlərin və müəllimlərin bu kimi məsələlərə düzgün yanaşması üçün əvvəlcədən maarifləndirmə işləri aparılmalı idi:

"Müəllimlərin şagirdlərlə birlikdə etiraz aksiyalarında iştirakı, onları qızışdırması və müxtəlif şüarlar səsləndirməyə təşviq etməsi ilə bağlı iddialar ciddi araşdırılmalıdır. Uşaqlar dini və siyasi çağırışların mahiyyətini hər zaman tam dərk etmirlər".

C.Nuriyev sosial şəbəkələrdə gördüyü şüarlardan birini də nümunə göstərib: 

“Yezid minib atına, lənət gəlsin zatına” ifadəsinin səsləndirildiyi görüntülərə rast gəldim. Dini və tarixi şəxsiyyətlərlə bağlı məsələlər uşaqlara düzgün izah edilməli, bu mövzular emosional şüarlar vasitəsilə təqdim olunmamalıdır".

Hicabla bağlı dini müzakirələrə toxunan politoloq Quran ayələrinin düzgün şərh edilməsinin vacibliyini vurğulayıb. O, Nur surəsinin 31-ci ayəsinə istinad edərək, hicabın dini əsasları ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına ehtiyac olduğunu bildirib. C.Nuriyev baş örtüyü ilə bağlı bəzi yanaşmaların dini mənbələrə uyğunluğunu şübhə altına alıb və bu məsələlərin müvafiq dini mütəxəssislər tərəfindən izah edilməsinin vacib olduğunu qeyd edib:

"İslamın bu cür mübahisələr vasitəsilə yanlış təqdim olunmasından narahatam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və İslam üzrə mütəxəssislər əhalinin maarifləndirilməsi istiqamətində addımlar atmalı, dini məsələlərin siyasi məqsədlər üçün istifadə edilməsi ehtimalına aydınlıq gətirməlidirlər".

C.Nuriyev sonda Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünə toxunaraq, ölkədə sabitliyi pozmaq, hakimiyyəti dəyişdirmək və konstitusion quruluşa qarşı addımlar atmaq cəhdlərinin nəticə verməyəcəyinə inandığını bildirib. Politoloqun fikrincə, Azərbaycan dini və siyasi ekstremizmin genişlənməsinə imkan verməməli, bu kimi halların qarşısını qanunvericilik çərçivəsində almalıdır. 

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR