“Dövlət qulluğuna qəbul zamanı sertifikatın qüvvədəolma müddətinin ən azı üç il müəyyənləşdirilməsi məqsədəuyğun olardı”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat layihə ilə bağlı bir sıra təkliflərini səsləndirib. O, dövlət qulluğu vəzifələrinə dair tələblərin müəyyənləşdirilməsində təhsil meyarları ilə yanaşı, şəxsin bacarıq və səriştələrini əsas götürən yanaşmanın tətbiqini təklif edib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsində vəzifələrə uyğunluğun qiymətləndirilməsində bu meyarların rolu artır.
V.Bayramov dövlət qulluqçularının əməkhaqları arasında iqtisadi rayonlar üzrə ciddi fərqlərin olduğunu da diqqətə çatdırıb. O bildirib ki, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2059 manata çatıb. Bakıda bu göstərici 2505 manat olduğu halda, bəzi iqtisadi rayonlarda xeyli aşağıdır. Məsələn, Mil-Muğan iqtisadi rayonunda orta aylıq əməkhaqqı 1371 manat, Mərkəzi Aran iqtisadi rayonunda isə 1366 manat təşkil edir.
Deputat hesab edir ki, yeni məcəllə əməkhaqları arasındakı bu fərqin azaldılmasına da töhfə verməlidir. O, rəqəmsallaşma proseslərini nəzərə alaraq, müvafiq maddədə “pul formasında” ifadəsinin “pul ekvivalentində” sözləri ilə əvəzlənməsini təklif edib.
V.Bayramov vəzifələrin təsnifatı və dövlət qulluqçularının bölgüsü məsələlərinə də toxunub. Onun sözlərinə görə, hazırda hər 100 dövlət qulluqçusundan 44-ü yeddinci təsnifat üzrə çalışır. Deputat təsnifatlar arasında balansın qorunmasının və dövlət qulluğu vəzifələrinin özəl sektorla müqayisədə rəqabət qabiliyyətliliyinin müəyyənləşdirilməsi üçün meyarların hazırlanmasının vacibliyini vurğulayıb.
O, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin sayının müəyyənləşdirilməsinə dair müddəanın da beynəlxalq təcrübə nəzərə alınmaqla qiymətləndirilməsini məqsədəuyğun hesab edib.
Onun diqqət çəkdiyi digər məsələ dövlət qulluğuna qəbul üzrə imtahan və müsahibə mərhələləridir. O bildirib ki, 2025-ci ildə imtahanlarda iştirak edən 16 min 253 nəfərin təxminən 30 faizi uğur qazanıb. Bununla belə, namizədlərin bir hissəsi müsahibə mərhələsində uğursuz olur.
V.Bayramov, həmçinin dövlət qulluqçularının elmi fəaliyyətlə məşğul olması üçün rəhbərliyin icazəsinin tələb edilməsi yanaşmasına yenidən baxılmasını təklif edib. O hesab edir ki, elmi fəaliyyət şəxsin bilik və bacarıqları ilə bağlıdır və bunun üçün ayrıca icazə mexanizminin tətbiqi məqsədəuyğun deyil.
Zeynəb Rzayeva
















