• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

“Məktəbli formalarında milli ornamentlərimizdən istifadə olunmalıdır” - Ağaverdi Xəlil

CƏMİYYƏT

13 Oktyabr 2026 | 14:03 | Müəllif: Əli Hüseynov

“Məktəbli formalarında milli ornamentlərimizdən istifadə olunmalıdır” - Ağaverdi Xəlil

Məktəbli formalarının hazırlanmasında Azərbaycanın milli ornamentlərindən, tarixi-mədəni simvollarından və ənənəvi geyim elementlərindən istifadə edilməlidir. Uşaqların məktəb mühitində dini geyimlərə deyil, milli-mədəni dəyərlərimizi əks etdirən, yaşlarına və təhsil mühitinə uyğun geyimlərə üstünlük verilməsi vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri Ağaverdi Xəlil deyib.

O bildirib ki, məktəbli formalarının hazırlanması zamanı Azərbaycanın zəngin mədəni irsi nəzərə alınmalı, milli geyim ənənələrinin müasir məktəb geyimlərində tətbiqi üçün məqsədyönlü araşdırmalar aparılmalıdır.

A.Xəlilin sözlərinə görə, məktəbli formaları yalnız geyim standartı kimi deyil, həm də milli kimliyin və mədəni irsin təbliği vasitəsi kimi nəzərdən keçirilə bilər:

“Bu, elə bir məsələdir ki, məktəbli formalarında milli ornamentlərimizin olmasını istərdim. Bu ornamentlər mexaniki şəkildə götürülməməli, onların milli-mədəni mahiyyəti araşdırılmalıdır. Mənim də bu barədə təklifim var. Milli xüsusiyyətlərimiz var və onlar tətbiq edilməlidir. Geyim formalarının hazırlanmasında da bunlardan istifadə olunmalıdır. Türkmənistanda, Tatarıstanda bu cür nümunələr var. Orada tarixi, mədəni və milli simvollar qorunub saxlanılır. Bizim də zəngin mədəniyyətimiz var. Bu istiqamətdə axtarış aparılmalı, milli geyim ənənələrimiz məktəbli formalarında öz əksini tapmalıdır”.

İnstitutun şöbə müdiri məktəblilərin geyimində çarşab və hicab məsələsinə də toxunub. O hesab edir ki, uşaqların məktəb geyimində bu cür dini elementlərə yer verilməsi zərurəti ayrıca müzakirə olunmalıdır.

A.Xəlilin fikrincə, məktəbli formalarının əsas istiqaməti dini geyimlərin deyil, Azərbaycanın tarixi və milli-mədəni xüsusiyyətlərinin qorunması olmalıdır. Onun sözlərinə görə, uşaqlar üçün nəzərdə tutulan geyimlər yaş xüsusiyyətlərinə, məktəb mühitinə və milli ənənələrə uyğun hazırlanmalıdır.

Milli geyim ənənələrinin qorunmasının vacibliyini vurğulayan A.Xəlil qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsi məktəbli formalarının hazırlanması üçün geniş imkanlar yaradır. Bu baxımdan, milli ornamentlərin, ənənəvi naxışların və tarixi geyim elementlərinin müasir məktəb formalarına uyğunlaşdırılması istiqamətində araşdırmalar aparılmalıdır.

Onun sözlərinə görə, milli mədəniyyətin təhsil mühitində təbliği uşaqlarda tarixi irsə marağın artırılmasına və milli kimliyin daha yaxından tanıdılmasına xidmət edə bilər.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR