• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycan-Qırğız İnkişaf Fonduna 200 milyon dollar ayrılacaq

SİYASƏT

13 Oktyabr 2026 | 12:01 | Müəllif: Günəş Mərd

Azərbaycan-Qırğız İnkişaf Fonduna 200 milyon dollar ayrılacaq

“Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması iki qardaş və müttəfiq dövlətin iqtisadi əlaqələrinin inkişafına və birgə layihələrin həyata keçirilməsinə marağının ifadəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zaur Şükürov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub. İkinci Əlavə Saziş ölkə başçısının Qırğızıstana dövlət səfəri çərçivəsində 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

İki maddədən ibarət olan sənəd Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının artırılmasını nəzərdə tutur. 2022-ci il 11 oktyabr tarixli Saziş əsasında Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dolları müəyyən edilib. 2024-cü il aprelin 24-də imzalanmış əlavə sazişlə bu məbləğ 100 milyon dollara çatdırılıb. Yeni dəyişikliklərlə isə nizamnamə kapitalının 200 milyon ABŞ dolları olması nəzərdə tutulur.

Z.Şükürovun sözlərinə görə, kapitalın artırılması iki ölkənin iqtisadi əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran layihələrin reallaşdırılmasına yönəlmiş niyyətini göstərir.

Deputat xatırladıb ki, Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin 10-cu maddəsində də İnkişaf Fondunun potensialının artırılması ilə bağlı müddəa yer alıb. Həmin maddəyə əsasən, tərəflər iqtisadi əməkdaşlığın və qarşılıqlı yardımın inkişafı məqsədilə Fondun imkanlarının genişləndirilməsi üçün səylər göstərməlidirlər.

O əlavə edib ki, müttəfiqlik münasibətlərinin möhkəmlənməsi Fondun imkanlarından səmərəli istifadə edilməsinə, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsinə və iki ölkə arasında ticarət əlaqələrinin inkişafına şərait yaradacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR