Qarabağın azad olunmasından sonra ölkə qarşısında həm yeni imkanlar, həm də yeni çağırışlar yaranıb. Bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən köç prosesi, eləcə də dəyişən geosiyasi reallıqlar Azərbaycanın gündəmini müəyyənləşdirən əsas mövzulardandır. Bu mərhələdə atılan addımlar təkcə bu günə deyil, gələcək onilliklərə təsir edəcək strateji qərarlar kimi qiymətləndirilir.
Bəs görülən işlər gözlənilən nəticəni verirmi? Köç prosesi hansı tempdə davam edir və bu, ölkədaxili sosial siyasətə necə təsir göstərir? Eyni zamanda regionda və dünyada baş verən proseslər fonunda Azərbaycan hansı mövqedən çıxış edir?
Bakıvaxtı.az-ın bu və digər suallarını Ağ Partiyanın sədri Tural Abbaslı cavablandırır.
Müsahibəni təqdim edirik:
- “Böyük Qayıdış” siyasəti daha çox sosial layihədir, yoxsa geosiyasi mesaj kimi dəyərləndirilməlidir?
- Burada hər ikisi var, təbii ki. Yəni dünyaya Qarabağın kimə məxsus olduğunu, torpaq sahiblərinin kim olduğunu və ev sahibləri o torpaqlara qayıtdıqdan sonra həmin ərazilərin necə dirçəldiyini, ora həyatın necə qayıtdığını göstərmək geosiyasi mesajdır.
Eyni zamanda isə bu, daxili siyasət baxımından sosial layihədir. Çünki illərlə öz elindən-obasından, yurdundan-yuvasından ayrı düşən, məzarlıqlarından, kəndlərindən, ümumiyyətlə vətənindən uzaq düşən insanların doğma torpaqlarına qayıtması, övladlarını ata-baba yurdunda böyütməsi və nəsillərini orada davam etdirməsi həm də sosial məna daşıyır.
Yəni bunu qarşı-qarşıya qoymaq düzgün deyil. Amma mən düşünürəm ki, zaman keçdikcə bu, artıq geosiyasi mesaj anlamından çıxmalıdır. Çünki biz Qarabağın bizim olduğunu dünyaya qəbul etdirmişik və bunun mübahisə mövzusuna çevrilməməsi üçün artıq bu məsələni müzakirədə saxlamamalıyıq. Qarabağın bizim olduğu fakt kimi qəbul etdirilməlidir. Dünya istəsə də, istəməsə də, digər ölkələr qəbul etsə də, etməsə də bu dəyişməyən həqiqətdir. Bu səbəbdən məsələni mübahisələndirməyə imkan verən “açıq pəncərələr” saxlanmamalıdır.
- İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini necə qiymətləndirirsiniz?
- Yenidənqurma məsələsinə gəlincə, işğaldan azad olunmuş ərazilərdə aparılan işlərin nəticələri barədə danışarkən deməliyik ki, orada böyük işlər görülür və milyardlarla vəsait xərclənir. Amma bu xərclər əsasən infrastruktur, yollar, su, elektrik enerjisi və digər kommunikasiya xətlərinin qurulmasına yönəlib. Bu da ilk mərhələdə ən çox vəsait və zaman tələb edən sahədir. Artıq kəndlər də bərpa olunur və bu kəndlərə insanlar köçürülür.
Şəxsi fikrim olaraq, prosesin daha sürətli getməsini istərdim, həm köç baxımından, həm də yerləşmə baxımından. Çünki köçən insanların məşğulluğu, yeni iş yerlərinin yaradılması, gənclərin geri qayıtması üçün stimullaşdırıcı addımların atılması vacibdir. Bu istiqamətdə AĞ Partiya olaraq gözləntilərimiz daha yüksək idi.
- Sizcə, köç prosesi daha sürətli təşkil oluna bilərdimi?
- Vaxtilə belə təkliflər də var idi ki, ərazilər minalardan təmizləndikdən sonra insanlar öz köhnə yurdlarına qaytarılsın və dövlət həmin evlərin bərpası üçün müəyyən maliyyə dəstəyi versin. İnsanlara vaxt verilsin ki, öz evlərini özləri bərpa etsinlər. Böyük şəhərlərin, məsələn, Ağdam, Füzuli, Cəbrayıl kimi şəhərlərin qurulması dövlətin üzərinə düşən məsələdir. Amma kəndlərin bərpasında əhaliyə daha çox imkan verilsəydi, proses daha sürətli gedə bilərdi.
Son 5-6 ildə Qarabağa köçən insanların sayı daha çox ola bilərdi. Təəssüf ki, bəzi podratçı şirkətlərin fəaliyyətində problemlər, işçilərin maaşlarının verilməməsi kimi hallar da prosesin ləngiməsinə səbəb olur. Məncə, Qarabağın yenidən qurulması yalnız iqtisadi və siyasi məsələ deyil, həm də mənəvi məsələ olmalı idi. Bu prosesə müəyyən müqəddəslik prizmasından yanaşılmalı idi. Amma təəssüf ki, bəzi hallarda şəxsi maraqlar ön plana çıxır.
- Köç prosesinin sürətlənməsi ölkənin daxili sosial siyasətinə necə təsir edə bilər?
- Hazırda bu təsirin böyük miqyasda olduğunu demək çətindir. Çünki prosesin sürəti hələ o səviyyədə deyil. Məsələn, Bakıya və ətraf ərazilərə köç daha sürətlə davam edir. Tikinti və məskunlaşma da Qarabağla müqayisədə daha intensivdir. Bu baxımdan Qarabağdakı proseslərin ölkədaxili sosial-siyasi vəziyyətə ciddi təsir göstərəcək tempdə olmadığını düşünürəm.
- Hazırda regionda baş verən qlobal qarşıdurmalar Azərbaycanın siyasətinə necə təsir edir?
- Əgər söhbət İran-ABŞ-İsrail və ya Rusiya-Ukrayna qarşıdurmalarından gedirsə, bu cür hadisələr həm risklər, həm də fürsətlər yaradır. Ağıllı dövlətlər belə məqamları fürsətə çevirməyə çalışır. Amma Azərbaycanın siyasəti daha çox təhlükəsizliyi qorumağa və bu münaqişələrin ölkəyə təsir etməsinin qarşısını almağa yönəlib. Sadə desək, Azərbaycan bu qarşıdurmaların tərəfi deyil, onların mümkün qədər tez və ağrısız şəkildə həll olunmasının tərəfdarıdır. Nə ABŞ-İsrail, nə də İran tərəfdən çıxış edir. Əsas məqsəd bu proseslərin ölkənin siyasi, iqtisadi və sosial həyatına mənfi təsir göstərməməsidir. Kiçik dövlətlərin bu cür böyük qarşıdurmalarda manevr imkanları məhduddur. Digər tərəfdən nəzərə alsaq ki, İranda 40 milyon soydaşlarımız var. Həmçinin Azərbaycan-İran quru sərhədləri ölkəmizin ən uzun quru sərhədlərindən biridir. Bu zaman Azərbaycanın təsir imkanları önəmli olur. Nəticə etibarilə Azərbaycan daha ehtiyatlı və balanslı siyasət yürüdür, daha çox humanitar yanaşmaya üstünlük verir.
Təbii ki, qonşuluqda müharibələrin getməsi və müəyyən təsir imkanlarının olması ölkənin geosiyasi mövqeyinə də təsir edir. Amma böyük proseslərdə böyük dostlar qazanmaqla yanaşı, böyük düşmənlər də yaranır. Hazırkı siyasət daha çox risklərdən yayınmağa və yeni düşmənlər qazanmamağa hesablanıb.
- Qarabağın azad olunmasından sonra Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyi necə dəyişib?
- Qalib dövlət olaraq Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyinə gəldikdə isə, qeyd etmək lazımdır ki, biz uzun illər Qarabağ probleminin təsiri altında xarici siyasət aparmışıq. Bir çox qərarlarımız bu məsələ ilə bağlı olmuşdu. Həmçinin torpaqlarımızın işğal altında olması müstəqil xarici iqtisadi layihələrə qoşulmağımızın, digər geosiyasi proseslərdə Azərbaycanın maraqlarından çıxış edərək müstəqil mövqe sərgiləməyimizin qarşısını alan faktor idi.
Hər hansı ölkə ilə münasibət qurarkən belə, onun Qarabağ məsələsində mövqeyini nəzərə alırdıq. Amma bu problem həll olunduqdan sonra Azərbaycan daha müstəqil siyasət yürütmək imkanı əldə edib. Artıq xarici siyasətdə daha sərbəst addımlar atmaq, müxtəlif güclər arasında daha rahat manevr etmək mümkündür.
- Yeni reallıqlar fonunda Azərbaycan hansı geosiyasi addımları daha rahat ata bilir?
- Məsələn, hazırda Şimali Kipr Türk Cümhuriyyətinin tanınması mövzusu gündəmdədir. AĞ Partiya olaraq həmin Cümhuriyyəti Azərbaycanın tanımasının tərəfdarıyıq. Zamanında biz belə bir təklif verə bilmirdik. Çünki Yunanıstan avtomatik olaraq Qarabağı Ermənistanın bir hissəsi kimi tanımaqla təhdid edirdi. Digər tərəfdən Azərbaycan Rusiya, NATO və ya Çin kimi böyük qüvvələr arasında manevr etmək imkanlarına məhkum idi. Çünki Qarabağ məsələsinin təsir çatları daha çox Rusiyanın əlində idi. Doğrudur o vaxt bu prosesdə ABŞ, Avropanın özü də Rusiyanın mövqeyindən çıxış edirdi. Ümumilikdə Qarabağın azad olunması ilə siyasi şantajdan xilas olduq. Təbii ki, bundan sonra yürütdüyümüz siyasət daha müstəqildir. Eyni zamanda Qarabağın işğaldan azad olunmasından sonra Türk Dövlətləri Təşkilatının adı dəyişdirildi, əməkdaşlıq daha da güclənib, təşkilatın fəaliyyəti intensivləşib. Bundan əvvəl isə müəyyən siyasi məhdudiyyətlər və təzyiqlər nəzərə alınırdı. İndi isə Azərbaycan daha sərbəst şəkildə öz milli maraqlarına uyğun siyasət yürüdə bilir və beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir.
Aynur Babazadə
Bakı 




