Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qazıntı işləri aparılan zaman torpaq qatının çökməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 23-də saat 18:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində torpaq uçqunu barədə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Yaralıya müştərək travma diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 1971-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
***
08:54
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakı 




