"Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev əsas komandadan uzaqlaşdırılan futbolçular - Elvin Cəfərquliyev və Abbas Hüseynovun hazırkı durumu ilə bağlı danışarkən deyib.
O, hər iki futbolçunun əvəzedici komandada məşqlərini davam etdirdiyini bildirib:
"Hazırda həm Elvin Cəfərquliyev, həm də Abbas Hüseynov komandamdadır. Baş verənləri müzakirə etmişik və onları başa düşürəm. Belə hallarda futbolçuları birbaşa tənqid etmək düzgün olmaz. Hər bir insan səhv edə bilər. Görünür, müəyyən səbəblər olub və buna görə baş məşqçi Qurban Qurbanov onları əsas komandadan uzaqlaşdırıb. Ola bilsin ki, bu hadisə həm Elvin, həm də Abbas üçün müəyyən nəticələr çıxarmağa səbəb olacaq. Onlar peşəkar və tanınmış futbolçulardır. Bu cür halların baş verməsi idman ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Heç kim belə vəziyyətin yaranmasını istəməzdi və hazırda futbolçular bunun məsuliyyətini daşıyırlar".
Baş məşqçi futbolçuların fiziki durumunun qorunması üçün əlavə tədbirlər görüldüyünü də vurğulayıb:
"Çalışırıq ki, formalarını itirməsinlər. Bunun üçün əlavə məşqlər də keçirik. Onlar da vəziyyəti düzgün qiymətləndirir və əsas komandaya qayıtmaq üçün hazır olmağa çalışırlar. Hətta məşqlərdən sonra fərdi şəkildə əlavə hazırlıq keçirlər. Hazırda U-20 millisinə görə Əvəzedicilər Liqasında fasilə yaranıb. Fasilə dövründə futbolçuların oyun praktikasını qoruması çox vacibdir. Əgər fasilə başa çatanadək komandada qalsalar, onları oyunlara cəlb etməyi planlaşdırırıq. Məqsəd futbolçuların oyun praktikasını itirməməsidir. Qarşıda vacib matçlar var və istəyirik ki, əsas komandaya qayıtdıqda hazır vəziyyətdə olsunlar".
M.Medvedev futbolçuların əsas komandaya dönüşünün baş məşqçi Qurban Qurbanovun qərarından asılı olduğunu söyləyib:
"Onların hansı müddətə əvəzedici komandada çıxış edəcəkləri hələlik məlum deyil. Bu məsələ tamamilə baş məşqçinin qərarından asılıdır. Hesab edirəm ki, müəyyən müddətdən sonra baş verənlər müzakirə olunaraq futbolçuların bağışlanması mümkündür. Biz də futbolçu olduğumuz dövrdə səhvlər etmişik və cəzalar almışıq".
"Qarabağ"ın və Azərbaycan millisinin keçmiş futbolçusu Qurban Qurbanovla bu məsələ ilə bağlı hələlik birbaşa müzakirə aparılmadığını diqqətə çatdırıb:
"Hazırda onun diqqəti çempionat oyunlarına yönəlib. Bununla belə, köməkçi məşqçilərlə daim əlaqədəyik, futbolçuların durumu, statistikası və davranışları barədə onlara məlumat verirəm".
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqlarına görə əsas komandadan uzaqlaşdırılıblar.
Bakı 




