PSJ futbol klubunun baş məşqçisi Luis Enrike həmkarı, "Mançester Siti"dən ayrılacağını açıqlayan Pep Qvardiolanın milli komanda çalışdırmağa olan böyük marağından söz açıb.
Bakıvaxtı.az xəbər verir ki, tanınmış ispaniyalı mütəxəssis vaxtilə həmyerlisinin yığmadakı fəaliyyətə dair ona suallar ünvanladığını diqqətə çatdırıb.
"Mən İspaniya millisinin sükanı arxasında olduğum dövrdə o, bu işin incəlikləri barədə məndən soruşurdu. Qvardiola hər zaman özünü milli komandalar səviyyəsində sınamağa can atıb. Düzdür, onun İtaliya yığmasının başına keçəcəyinə o qədər də inanmıram. Lakin futbolda hadisələrin bu cür gözlənilməz inkişafını tam istisna etmək də qeyri-mümkündür", - deyə Enrike qeyd edib.
Qeyd edək ki, Pep Qvardiola və Luis Enrike dünya futbol tarixində "trebl"ə (eyni mövsüm ərzində üç əsas titula sahib olmaq) imza atmağı bacaran iki mütəxəssisdir. Bu unikal uğura Qvardiola "Barselona" və "Mançester Siti"nin, Enrike isə "Barselona" və PSJ-nin baş məşqçisi kimi nail olub./Oxu.az
Bakı 




