Azərbaycan Respublikasının Milli Məclisinin 27 aprel tarixində keçiriləcək iclasında mühüm beynəlxalq sənədlərdən biri müzakirəyə çıxarılacaq.
Bakıvaxtı.az-ın xəbərinə görə, belə ki, parlamentin gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi daxil edilib.
Layihəyə əsasən, sözügedən sazişin təsdiqi Azərbaycanın təmiz enerji sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsinə, regionda alternativ və bərpa olunan enerji təşəbbüslərinin inkişafına əlavə töhfə verməyi hədəfləyir.
Müzakirələrin nəticəsindən asılı olaraq sənədin qəbul edilməsi gözlənilir. Qeyd edək ki, saziş Təmiz Enerji Mərkəzinin fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi və Azərbaycanın ev sahibi ölkə kimi öhdəliklərinin tənzimlənməsi baxımından əhəmiyyət daşıyır.
Murad İsmayıl
Bakı 




