İpoteka kreditlərinə maraq son dövrlər artmaqdadır. Vətəndaşların mənzil almaq üçün kreditlərə daha çox müraciət etməsi isə bazarda tələbin yüksəlməsinə səbəb olur.
Bəs ipotekaya tələbin artması mənzil bazarında qiymətləri daha da yüksəldə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ipoteka kreditlərinə marağın artmasının əsas səbəblərindən biri əhalinin gəlirləri ilə mənzil qiymətləri arasındakı fərqin ciddi şəkildə artmasıdır.
Onun sözlərinə görə, əvvəllər vətəndaşlar mənzil problemini şəxsi vəsaitləri hesabına həll edə, yaxud müəyyən müddətə daxili kredit imkanlarından yararlana bilirdilər. Hazırda isə mənzil əlçatanlığının çətinləşməsi insanların daha çox ipoteka kreditlərinə üz tutmasına səbəb olub.
"Artıq yalnız aztəminatlı ailələr deyil, orta təbəqənin nümayəndələri də ipoteka kreditlərinə müraciət etməyə başlayıb. Onun sözlərinə görə, ipoteka ilə mənzil almaq istəyənlərin sayı son dövrlərdə təxminən iki dəfə artıb. Tələbin yüksək olması satmaq öhdəliyi ilə kirayə mənzil layihəsində də özünü göstərir. İpoteka və Kredit Zəmanət Fondunun layihəsinə 12 mindən çox müraciətin daxil olması real tələbin daha yüksək olduğunu göstərir".

AQC-nin sədri Vüqar Oruc
O vurğulayıb ki, belə imkanlar məhdud olduğundan müraciət edənlərin sayı çox, mənzil əldə edənlərin sayı isə nisbətən azdır. Eyni vəziyyət digər ipoteka proqramlarında və Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrində də müşahidə olunur.
AQC sədri hesab edir ki, Azərbaycanda mənzilə tələbat yüksəkdir və bu, daşınmaz əmlak bazarını aktiv saxlayan əsas amillərdən biridir. Kredit, kirayə və birbaşa alış məqsədilə bazara daxil olan tələbat mənzil alqı-satqısında dinamika yaradır və bu da qiymətlərə təsir göstərir:
"Mənzil qiymətlərinin artmasına təsir edən əsas amillərdən biri də daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyidir. Sərbəst kapitalın əhəmiyyətli hissəsinin bu sahəyə yönəlməsi bazarda tələbi artırır".
Ekspertin proqnozuna görə, ilin sonuna qədər – oktyabr, noyabr və dekabr aylarında mənzil bazarında ərazidən asılı olaraq qiymətlərin 3-5 faiz artması gözlənilir.
Günəş Mərd
















