Allergiyanın müalicəsində xalq təbabəti üsullarına güvənmək düzgün deyil və bu yanaşma xəstəliyin ağırlaşmasına səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə və xalq arasında yayılmış bəzi təbii üsullar elmi əsaslara söykənmir:
“İzləyicimizin qeyd etdiyi kimi, bəzi bitki və yağların iltihabəleyhinə təsiri ola bilər. Amma bu, bütün pasiyentlər üçün keçərli deyil. Hər allergiya eyni deyil və hər insanda fərqli allergenlərə fərqli reaksiyalar olur”.
G.Əliyeva bildirib ki, özbaşına müalicə ciddi risklər yaradır:
“Bir insana kömək edən üsul digər insanda əks təsir göstərə bilər. Hətta allergiya əleyhinə istifadə olunan dərmanlara qarşı belə allergik reaksiya ola bilər”.
Pulmonoloq qeyd edib ki, müalicə yalnız həkim nəzarəti ilə aparılmalıdır:
“Xalq təbabəti və ya ‘mənə yaxşı təsir etdi’ yanaşması ilə müalicə aparmaq olmaz. Çünki simptomlar azalsa belə, xəstəlik prosesinin özü davam edir”.
Onun sözlərinə görə, müalicə olunmayan allergiya zamanla ağırlaşa bilər:
“Allergik rinit nəzarətsiz qalarsa, proses aşağı tənəffüs yollarına - bronxlara qədər yayıla bilər və bu da astma kimi ciddi fəsadlara gətirib çıxara bilər”.
G.Əliyeva vurğulayıb ki, düzgün diaqnoz və fərdi müalicə protokolu əsas şərtdir:
“Hər pasiyentin allergiyası fərqlidir. Ona görə də müalicə də fərdi seçilməlidir və özbaşına üsullara güvənmək tövsiyə olunmur”.
Zeynəb Rzayeva
Bakı 




