Nəzarətsiz qalan allergiya zamanla astmaya səbəb ola və tənəffüs yollarına ciddi zərər verə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva məlumat verib.
Onun sözlərinə görə, astma hallarının böyük hissəsi allergik mənşəlidir:
“Astmaların təxminən 60-80 faizi allergik astmaların payına düşür. Bu proses çox vaxt uşaqlıq dövründən başlayır və allergik riniti olan şəxslərdə gələcəkdə astma inkişaf etmə riski daha yüksək olur”.
G. Əliyeva bildirib ki, allergiyanın vaxtında müalicə olunmaması xəstəliyin gedişini ağırlaşdıra bilər:
“Allergik rinit ilkin olaraq burun boşluğunda başlayır. Lakin tənəffüs sistemi bir bütöv olduğundan, proses nəzarətsiz qaldıqda aşağı tənəffüs yollarına – bronxlara yayılır və nəticədə astma inkişaf edə bilər”.
Pulmonoloq qeyd edib ki, bəzi əlamətlər bronxların da prosesə qoşulduğunu göstərir:
“Əgər nəfəs darlığı, sinədə sıxıntı, gecə yatarkən xırıltılı tənəffüs, fitverici nəfəsalma və ya tez-tez öskürək müşahidə olunursa, bu, artıq bronxların da təsirləndiyinə işarədir”.
Onun sözlərinə görə, şikayətlərə uyğun olaraq müraciət ediləcək həkim də dəyişir:
“Əgər problem əsasən burun axıntısı, burun tutulması və göz qaşınması kimi əlamətlərlə özünü göstərirsə, ilkin mərhələdə allergoloqa müraciət etmək olar. Lakin nəfəsalma çətinliyi, sinədə ağırlıq və ya fiziki fəaliyyət zamanı nəfəs çatışmazlığı varsa, pulmonoloqun müayinəsi daha vacibdir”.
G. Əliyeva əlavə edib ki, bəzi hallarda hər iki mütəxəssisin birgə nəzarəti tələb olunur:
“Əgər həm allergik, həm də tənəffüs sistemi ilə bağlı əlamətlər mövcuddursa, həm allergoloqun, həm də pulmonoloqun nəzarəti tövsiyə edilir. Bu halda həm allergiyanın səbəbi müəyyənləşdirilir, həm də bronx və ağciyərlərin fəaliyyəti daha ətraflı qiymətləndirilir”.
Pulmonoloq vurğulayıb ki, erkən diaqnostika və düzgün müalicə astmanın ağırlaşmasının qarşısının alınmasında əsas rol oynayır.
Zeynəb Rzayeva
Bakı 




