Allergiya yalnız yüngül simptomlarla deyil, bəzi hallarda ciddi və həyati təhlükəli vəziyyətlərlə də özünü göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva məlumat verib.
Onun sözlərinə görə, allergiya çox vaxt yüngül əlamətlərlə başlayır:
“Allergiya bəzən az miqdarda asqırma, burun axması və ya səhərlər öskürək kimi sadə şikayətlərlə özünü göstərir. Lakin bəzi hallarda vəziyyət ciddi təhlükə yarada bilər”.
G. Əliyeva bildirib ki, bəzi simptomlar təcili müdaxilə tələb edir:
“Dildə və dodaqlarda şişkinlik, ağızda ödem hissi yaranarsa, bu, nəfəs yollarında ciddi daralmaya səbəb ola bilər və dərhal həkimə müraciət edilməlidir”.
Pulmonoloq qeyd edib ki, bəzi əlamətlər oksigen çatışmazlığından xəbər verir:
“Dodaq və barmaqlarda göyərmə, ağız ətrafında rəng dəyişikliyi müşahidə edilərsə, bu, orqanizmdə oksigenin azalmasına işarədir və təcili yardım tələb edir”.
Onun sözlərinə görə, vəziyyət ağırlaşdıqda digər sistem əlamətləri də ortaya çıxa bilər:
“Ürək döyüntüsünün sürətlənməsi və ya zəifləməsi, ürəkbulanma, sidik saxlaya bilməmə, təzyiqin qəfil düşməsi kimi hallar anafilaktik reaksiyanın göstəricisi ola bilər”.
G. Əliyeva vurğulayıb ki, belə hallarda gecikmək olmaz:
“Dodaqlarda və boğazda şişkinlik, nəfəs darlığı və ümumi vəziyyətin pisləşməsi zamanı dərhal tibbi yardım alınmalıdır. Bu, həyati təhlükə yarada bilər”.
Zeynəb Rzayeva
Bakı 




