Allergik şikayətlərin güclənməsi həm hava şəraiti, həm də günün saatları ilə birbaşa əlaqəli ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, yağışlı hava zamanı insanlar özlərini daha yaxşı hiss edə bilər:
“Yağış yağan zaman havadakı tozcuqların miqdarı azalır və bu səbəbdən nəfəs alma daha rahat olur. Lakin yağışdan sonra rütubət artdığı üçün bitki tozcuqları şişir və parçalanır, nəticədə havaya daha çox allergen yayılır”.
G.Əliyeva bildirib ki, günün müəyyən saatlarında allergenlərin miqdarı dəyişir:
“Səhər 05:00-dan 10:00-a qədər və axşam saatlarında tozcuq konsentrasiyası daha yüksək olur. Günün 10:00-dan 16:00-a qədər olan hissəsi isə nisbətən daha stabil dövr hesab edilir”.
Pulmonoloq qeyd edib ki, küləkli hava allergenlərin yayılmasını daha da artırır:
“Külək tozcuqları uzun məsafələrə daşıyır və bu da allergik şikayətlərin artmasına səbəb olur”.
Onun sözlərinə görə, bu məlumatlardan gündəlik həyatda istifadə etmək mümkündür:
“Hazırda tozcuq indeksini göstərən mobil tətbiqlər mövcuddur. Allergiyası olan insanlar bu proqramlardan istifadə edərək günün daha uyğun saatlarında çölə çıxmağı planlaşdıra bilərlər”.
G.Əliyeva vurğulayıb ki, düzgün planlama allergik simptomların qarşısını almaqda mühüm rol oynayır.
Zeynəb Rzayeva
Bakı 




