q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Boğaz bağlanarsa nə olacaq? - BƏƏ-nin yeni güc formulu

İQTİSADİYYAT

29 Aprel 2026 | 16:21

Boğaz bağlanarsa nə olacaq? - BƏƏ-nin yeni güc formulu

Yaxın Şərqdə gərginliyin artdığı bir mərhələdə Birləşmiş Ərəb Əmirliklərinin enerji infrastrukturu və iqtisadi qərarları yenidən diqqət mərkəzinə düşüb. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi fonunda Əbu-Dabinin Həbşan-Fuceyra neft kəməri üzərindən ixracı artırması strateji əhəmiyyət qazanır.

Gündəlik 1,5 milyon barel tutuma malik bu xətt ölkənin xam neft ixracının yarıdan çoxunu boğazdan yan keçirməyə imkan verir və böhran şəraitində alternativ logistika xətti kimi çıxış edir.

Son hadisələr göstərir ki, bu kəmər sadəcə texniki layihə deyil, geosiyasi alətdir. İstifadə səviyyəsinin artıq 70 faizdən yuxarı qalxması və lazım gəldikdə 1,8 milyon barelə qədər artırıla bilməsi BƏƏ-yə çevik reaksiya imkanı verir. Bu, o deməkdir ki, regionda dəniz yolları təhlükə altına düşdükcə Əbu-Dabi quru marşrutları üzərindən bazar payını genişləndirməyə çalışacaq. Hətta belə bir ssenaridə OPEK çərçivəsindən çıxmaq kimi daha sərt addımlar da gündəmə gələ bilər ki, bu da qlobal neft bazarında yeni balansın formalaşmasına gətirib çıxarar.

Bununla belə, proses o qədər də sadə deyil. İranın mümkün zərbələrinin enerji infrastrukturuna təsiri artıq hiss olunur və bu, istehsalın sürətli artırılmasını məhdudlaşdırır. Boğazın formal açıq qalması belə faktiki təhlükəsizlik risklərini aradan qaldırmır. Üstəlik, regional rəqabət də dərinləşir: həm Səudiyyə Ərəbistanı, həm də digər oyunçular qiymət və bazar payı uğrunda mübarizəni sərtləşdirir. Bu kontekstdə maraqlı detal odur ki, BƏƏ daha aşağı neft qiymətləri ilə işləyə bildiyi halda, Səudiyyə üçün daha yüksək qiymət intervalı həyati əhəmiyyət daşıyır və bu da iki ölkə arasında gizli iqtisadi rəqabəti gücləndirir.

Paralel olaraq Əbu-Dabinin son qərarları göstərir ki, ölkə yalnız enerji ixracına deyil, gələcəyin iqtisadiyyatına da yönəlir. Rafale F5 layihəsindən çıxmaq və ABŞ-la birlikdə süni intellekt və məlumat mərkəzləri üçün enerji istehsalına milyardlarla dollar yatırmaq klassik neft strategiyasından texnoloji enerji strategiyasına keçidin siqnalıdır. Bu addımlar əslində neft dolları sisteminin yeni formatda qorunmasına xidmət edir: enerji artıq təkcə xam neft deyil, həm də rəqəmsal infrastrukturu işlədən əsas resurs kimi təqdim olunur. Nəticədə BƏƏ həm fiziki, həm də texnoloji enerji xəritəsində öz mövqeyini gücləndirməyə çalışır və bu, onu regionda ən çevik oyunçulardan birinə çevirir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR