Ev heyvanları bəzi insanlarda allergik reaksiyaların yaranmasına və ya güclənməsinə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, allergiyaya səbəb olan əsas faktor heyvanın tükü deyil:
“Əslində allergiyanı birbaşa heyvanın tükü yaratmır. Əsas səbəb onların ifraz etdiyi zülallardır. Məsələn, pişik və itlərdə allergik reaksiyaya səbəb olan xüsusi zülallar mövcuddur”.
G.Əliyeva bildirib ki, xüsusilə steril şəraitdə böyüyən insanlarda bu həssaslıq daha çox müşahidə oluna bilər:
“Çox steril mühitdə böyüyən şəxslər allergiyaya daha meyilli ola bilirlər və ev heyvanları da bu reaksiyaları provokasiya edən amillərdən biri hesab olunur”.
Pulmonoloq qeyd edib ki, yaz və yay aylarında allergik şikayətlər daha da artır:
“Bu dövrdə həm havada tozcuqlar çoxalır, həm də ev heyvanları daha çox tük tökür. Nəticədə həm ev daxilində, həm də xarici mühitdə allergenlərin miqdarı artır və şikayətlər güclənir”.
Onun sözlərinə görə, ev heyvanından tam imtina mümkün olmadıqda müəyyən tədbirlər görülməlidir:
“Əgər ev heyvanı ilə yaşamağa davam ediləcəksə, yataq otağı allergiyası olan şəxs üçün qorunan zona seçilməlidir və heyvanın həmin otağa daxil olmasına icazə verilməməlidir”.
G.Əliyeva əlavə edib ki, gigiyena və təmizlik də allergik reaksiyaların azalmasına kömək edir:
“HEPA filtrli tozsoranlardan istifadə etmək, ev heyvanını həftədə iki dəfə yumaq, tüklərini təmizləmək və daramaq allergen yükünü əhəmiyyətli dərəcədə azalda bilər”.
Pulmonoloq vurğulayıb ki, allergik əlamətlər artdıqda mütəxəssis nəzarəti vacibdir.
Zeynəb Rzayeva
Bakı 




