Ermənistanda yeni nümunə biometrik pasportların dizaynı və texniki standartları dəyişdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər naziri Arpine Sarkisyan Baş nazir Nikol Paşinyana yeni pasport nümunəsini təqdim edərkən məlumat verib.
Qeyd edilib ki, yeni pasportların rəngi mavidən qırmızıya dəyişdiriləcək. Bu dəyişiklik köhnə və yeni nəsil sənədlərin fərqləndirilməsi məqsədi daşıyır.
Pasportun birinci və son səhifələrində Ermənistanın kontur xəritəsi yerləşdiriləcək, səhifələrin fonu isə ənənəvi erməni ornamentləri ilə bəzədiləcək. Eyni zamanda yalnız ultrabənövşəyi işıq altında görünən təhlükəsizlik naxışları da əlavə olunacaq.
Yeni pasport dizaynında diqqət çəkən məqamlardan biri də Ağrı dağının (Ararat) təsviri ilə bağlı yanaşmadır. Rəsmi açıqlamalara əsasən, yeni dizayn konsepsiyasında əsas diqqət Ermənistan Respublikasının sərhədləri daxilində yerləşən simvollara yönəldilir və xarici ərazilərə aid təsvirlərin istifadə olunmaması prinsipinə üstünlük verilir. Bu çərçivədə Ağrı dağı simvol kimi yeni pasportlardan çıxardılıb./Modern.az
Bakı 




