Xəbər verdiyimiz kimi, ötən günlərdə külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin azadlığa buraxılması ictimai müzakirələrə səbəb olub. Bu fonda sözügedən vəzifəni hazırda icra edən Muraz Həsənovun fəaliyyəti xüsusi maraq doğurur.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata əsasən, Muraz Həsənov Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Azərbaycan əsilli hərbi qulluqçu kimi o, uzun illər ərzində Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət göstərib.
Orta təhsilini Sumqayıt şəhərində alan Muraz Həsənov daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Hərbi xidmətə başladığı ilk illərdən etibarən sıravi və texniki vəzifələrdə çalışıb.
Zaman keçdikcə o, komanda və idarəetmə sahəsindədaha məsul vəzifələrə irəli çəkilib. Ehtiyat zabit hazırlığı və ixtisasartırma kurslarını uğurla başa vurması onun bilik və bacarıqlarını daha da təkmilləşdirib. Xidmət etdiyi müddətdə maddi-texniki təminatın təşkili, silah və sursatın hazırlanması, həmçinin təlim və texniki proseslərin koordinasiyası kimi mühüm istiqamətlərdə fəaliyyət göstərib.
Muraz Həsənov hərbi əməliyyatlar və xüsusi tapşırıqlar zamanı rəsmi qaydada müxtəlif mükafatlara layiq görülüb.
Hazırda mayor rütbəsi daşıyan Muraz Həsənov Müdafiə Nazirliyinin istirahət evinin rəisi vəzifəsini icra edir.
Murad İsmayıl
Bakı 




