q
  • Bakı 13° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Həkimlərə qarşı niyə aqressivik? - Nifrətin GÖRÜNMƏYƏN SƏBƏBLƏRİ

CƏMİYYƏT

04 May 2026 | 15:41

Həkimlərə qarşı niyə aqressivik? - Nifrətin GÖRÜNMƏYƏN SƏBƏBLƏRİ

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Lakin daha sonra yayılan məlumatlar təkzib olunub və ölüm xəbərinin həqiqəti əks etdirmədiyi deyilib.

Məsələ ondadır ki, həkimin ölüm xəbərinin yayılması sosial şəbəkələrdə arzuolunmaz reaksiyalara da səbəb olub. Espertlərin fikrincə, çox vaxt insanlar bəzən səhiyyə sistemində qarşılaşdıqları bürokratik maneələri, xidmət keyfiyyətini və ya maddi çətinlikləri konkret bir şəxs üzərindən ifadə edirlər. Xüsusən, onkoloji xəstəliklər həm emosional, həm də maliyyə baxımından ailələr üçün ən ağır sınaqlardan biridir. Bu sahədə yaşanan çarəsizlik hissi bəzən mənfi emosiyaların həkimlərə qarşı aqressiyaya çevrilməsinə səbəb olur.

Ehtimal ki, sosial şəbəkələrdə neqativ rəy yazanların bir qismi keçmişdə hər hansı bir həkimlə bağlı mənfi təcrübə yaşayan şəxslərdir. Onlar öz fərdi narazılıqlarını ümumiləşdirərək bütün tibb işçilərinə şamil edirlər. Bu vəziyyət “halallıq vermirəm” və ya “layiq idi” kimi qeyri-etik və aqressiv ifadələrin yaranmasına zəmin yaradır. Təəssüfedici məqam odur ki, reallıqda qarşısındakı insanın acısına ortaq ola biləcək şəxslər, virtual məkanda kütləvi psixologiyanın təsirinə düşərək empatiya hissini itirirlər.

Azərbaycan Demokratik Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanda tibbi xidmətin səviyyəsi minimumdur.

S.Cəlaloğlu vurğulayıb ki, xəstə-həkim münasibətlərinin klassik həkim etikasından kənar qurulması, xüsusən, Milli Onkologiya Mərkəzində xəstələrə laqeyd münasibət göstərilməsi indiki şəraitin yaranmasına gətirib çıxarıb:

“Mənim iki cavan qohumum Onkologiyada kimyaterapiya müalicəsi alıb. Baxmayaraq ki, kimyaterapiya dövlətin hesabına olmalıydı, amma hər bir inyeksiya üçün 300 manat pul aldılar. Xəstə isə cəmi 3 inyeksiya ala bildi, dünyasını dəyişdi. Xəstələrin həddindən artıq çox xərcləri çıxır. Xərçəng xəstəliyi həm xəstənin özündə, həm onun yaxınlarında ağır mənəvi-psixoloji vəziyyət yaradır. Yəni əzizini itirən, bu qədər əziyyət çəkən, pul xərcləyən adam təbii ki, həkimə də, səhiyyə sisteminin özünə də aqressiv olacaq”.

Sərdar Cəlaloğlu: Əzizini itirən, pul xərcləyən adam həkimə də, səhiyyə sisteminə də aqressiv olacaq

Sərdar Cəlaloğlu qeyd edib ki, baxmyaraq ki, ölkədə sığorta sistemi tətbiq olunur, amma bu sistemin özündə də qüsurlar var:

“Onkoloji xəstələrlə bağlı dövlətin xüsusi diqqəti olmalıdır. Bu cür xəstələr ümidsiz olduqlarına görə, onların müalicəsi də dövlət səviyyəsində aparılmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, təbii ki, baş verən hadisəni müdafiə etmək olmaz:

“Amma qarşımızda həm də belə sual durur ki, nə üçün insanlar bu dərəcədə həkimlərə qarşı aqressivlik nümayiş etdirirlər. Həkimlər öz fəaliyyətinə diqqət yetirməlidir. Müalicə zamanı xəstələrdən pul tələb etmək, onları müəyyən xərclər çəkməyə məcbur etmək ənənəsinə son qoyulmalıdır”.

Aydın Baxış


SON XƏBƏRLƏR