q
  • Bakı 13° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Avroparlament siyasi təzyiq alətinə çevrilir - ŞƏRH

SİYASƏT

04 May 2026 | 16:13

Avroparlament siyasi təzyiq alətinə çevrilir - ŞƏRH

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək Avropa Parlamentini sərt tənqid edib. Dövlətimizin başçısı bildirib ki, bu qurum Ermənistan Azərbaycan sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə üstünlük verir.

Prezident vurğulayıb ki, bütün Avropa institutları eyni mövqedən çıxış etmir və xüsusilə Avropa Parlamenti ilə yanaşı Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirir. O, həmçinin qeyd edib ki, son illərdə qəbul olunan qətnamələr və tətbiq edilən məhdudiyyətlər siyasi motivlidir və bu yanaşma sülh gündəminə xidmət etmir.

Bu çıxış əslində son illərdə formalaşmış daha geniş bir tendensiyanın açıq ifadəsidir. Müharibədən sonrakı mərhələdə region üçün əsas prioritet sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması olduğu halda, bəzi Avropa institutlarının bu prosesi təşviq etmək əvəzinə onu siyasiləşdirməsi artıq sistemli xarakter alıb. Prezidentin mövqeyi ondan ibarətdir ki, vasitəçi rolunda çıxış etməli olan qurumların tərəf kimi davranması regionda sabitliyə xidmət etmir və etimadı zəiflədir.

Xüsusilə diqqət çəkən məqam ikili standartların açıq şəkildə özünü göstərməsidir. Azərbaycanın nümayəndə heyətinə qarşı məhdudiyyətlərin tətbiqi məhz ölkənin öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra baş verdi. Halbuki bu addım BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrası idi və uzun illər kağız üzərində qalan qərarların reallaşdırılması demək idi. Bu fonda Avropa institutlarının reaksiyası hüquqi deyil siyasi motivli təsir bağışlayır və bu da onların obyektivliyinə ciddi kölgə salır.

Beş il ərzində Azərbaycan əleyhinə çoxsaylı qətnamələrin qəbul olunması artıq təsadüfi yanaşma kimi qiymətləndirilə bilməz. Bu sənədlərin dili və qəbul edilmə vaxtı göstərir ki, məsələ tənqiddən daha çox siyasi təzyiq mexanizmi qurmaqdan ibarətdir. Prezidentin bu prosesi məqsədli yanaşma kimi təqdim etməsi reallığa uyğundur. Çünki eyni institut öz daxilində mövcud olan problemlər fonunda xarici istiqamətdə selektiv fəallıq nümayiş etdirir və bu da onun prioritetlərinin balanslı olmadığını göstərir.

Nəticə olaraq Azərbaycanın parlamentlərarası əməkdaşlığı dayandırmaq qərarı emosional reaksiya deyil, konkret siyasi mövqenin ifadəsidir. Bu addım həm suverenlik məsələsində prinsipial yanaşmanı göstərir, həm də beynəlxalq tərəfdaşlara aydın mesaj verir ki, qərəzli və selektiv münasibət qarşılıqsız qalmayacaq. Mövcud şəraitdə sülh prosesinin irəliləməsi üçün ən vacib şərt xarici aktorların obyektiv mövqe sərgiləməsidir. Əks halda bu cür yanaşmalar regionda əldə olunmuş sabitliyi risk altına sala bilər.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR