İran Amerika Birləşmiş Ştatlara 14 maddəlik yeni təkliflər göndərib. Tehran danışıqların atəşkəsin uzadılmasından daha çox "müharibənin bitməsinə" yönəlməli olduğuna inanır.
Bakıvaxtı.az xəbər verir ki, təklif münaqişənin 30 gün ərzində başa çatdırılmasını nəzərdə tutur. Buraya İranın gələcəkdə ABŞ tərəfindən hücumlara məruz qalmayacağına dair zəmanətlər, eləcə də ABŞ qoşunlarının İrana yaxın ərazilərdən çıxarılması tələbi daxildir. Təklifdə, həmçinin ABŞ-dən İranın dəniz blokadasını dayandırmaq, ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etmək, İran aktivlərinin dondurulmasına son qoymaq və təzminat ödəmək tələbləri yer alır. Bununla yanaşı, sənəddə bütün cəbhələrdə, xüsusilə Livanda münaqişənin dayandırılması və “Hörmüz boğazı üçün yeni mexanizm”in tətbiqi də qeyd olunur. Lakin Tehranın təklifində İranın nüvə proqramı məsələsi əksini tapmayıb.
ABŞ Prezidenti Donald Tramp təkliflərə baxılacağını desə də, İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırıb:
“Mən planı araşdırdım, hər şeyi nəzərdən keçirdim - bu, qəbuledilməzdir”. Eyni zamanda, Tramp Tehranın ABŞ ilə razılığa gəlməyə çalışdığına əminliyini bir daha ifadə edib. İran Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ-nin İranın təkliflərinə cavab aldığını və hazırda onu araşdırdığını bildirmişdi.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Fuad Abbasov hesab edir ki, ABŞ və İran arasında sülhün əldə olunması hələ çox uzaqdadır. Onun sözlərinə görə, tərəflər arasında müzakirə davam etsə də, ortaq məxrəcə gəlmək qeyri-mümkündür:
“ABŞ Prezidenti Doland Trampın Körfəzə 15 min hərbçi göndərməsi mövcud vəziyyəti daha da gərginləşdirir. Amma İran tərəfi də boş dayanmır. Tehran öz şərtlərini, tələblərini irəli sürür. Əlbəttə, Trampın Tehranın təklif etdiyi 14 maddəlik yeni razılaşmanın tələblərini qəbul etməsi mümkün deyil. Çünki ABŞ üçün vacib olan İranın nüvə proqramının sonlandırılması, davam etdirilməməsidir. İran isə öz maraqlarına uyğun təkliflərlə çıxış edir və bunlar Vaşinqtonun maraqlarına cavab vermir”.

Fuad Abbasov: İran öz maraqlarına uyğun təkliflərlə çıxış edir, bunlar isə Vaşinqtonun maraqlarına cavab vermir
F.Abbasov əlavə edib ki, müharibənin aktiv şəkildə davam etməsi nəticəsində hər iki tərəf öz resurslarını çox ciddi şəkildə xərcləyir:
“Tərəflər arasında 40 gün sürən müharibə bunu sübut etdi. Görünən odur ki, Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına ciddi ziyan vurmağa davam edir. Bu da öz növbəsində Avropa ölkələrinə, ABŞ-nin digər müttəfiqlərinin iqtisadiyyatına ciddi mənfi təsir göstərir. Məhz ABŞ-nin müttəfiqləri, o cümlədən Avropa Tramp Administrasiyasından İranla razılaşmaya gəlinməsini, boğazın açılmasını tələb edirlər. Bütün bunlar ABŞ və İran arasında uzlaşmanı daha da çətinləşdirir”.
Aydın Baxış
Bakı 




