• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Rusiyanın Ermənistan qorxusu: İrəvanın Qərb sevgisi Moskvanın planlarını pozur

SİYASƏT

03 Iyun 2026 | 13:14

Rusiyanın Ermənistan qorxusu: İrəvanın Qərb sevgisi Moskvanın planlarını pozur

“44 günlük müharibədən sonra Ermənistan üçün yeni seçim imkanları yaranıb. Ölkə keçid dövrünə qədəm qoyub. Bu keçid dövrü istər Ermənistanın daxilində, istərsə də Rusiya ilə münasibətlərdə gərginlik və böhranla müşahidə olunur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, şərt o deyil ki, Ermənistan mütləq Avropa İttifaqına üzv olsun:

“Söhbət ondan gedir ki, Rusiyanın Ermənistan üzərindən regionda yaratdığı status-kvo var idi. Bu status-kvo həm Ermənistan-Azərbaycan arasında düşmənçilik yaratmışdı, həm də bütün regiona, Türkiyə və İrana nəzarət imkanları yaradırdı”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın yeni keçid siyasəti nisbətən müstəqillik, suverenlik əldə etmək, Türkiyə ilə sərhədləri açmaq və Qərbə inteqrasiya etməkdir:

“Paşinyan Qərbin investisiyasını, siyasi kursunu ölkəsinə gətirmək, münasibətləri Qərb istiqamətində qurmaq niyyətindədir. Yəni dolayısı ilə Rusiyanın siyasi təsirindən uzaqlaşmaq istəyir. Məhz bu proses indiki problemlərin ortaya çıxmasına səbəb olur. Ermənistanın mövqeyi Rusiya üçün olduqca strateji məqamdır. Ona görə ki, Cənubi Qafqazda Moskvanın hərbi təhlükəsizlik və siyasi-iqtisadi mövcudluğu Ermənistan üzərindəndir”.

Polad Mehdiyev: Tərəflər arasında gərginliyin yaranmasında İrəvanın da, Moskvanın da öz maraqları var

Analitikə görə, əslində Kremlin qorxusu o deyil ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisində Paşinyanın qalib gəlməsi Rusiyanı bu üstünlüklərdən tamamilə məhrum edəcək:

“Ermənistanın Rusiyadan asılılığı kifayət qədər çoxdur ki, bu asılılığı qısa müddətdə, bir seçki ilə aradan qaldırmaq qeyri-mümkündür. Rusiyanın 102-ci hərbi bazası hələ Ermənistandadır və tərəflər arasında 2044-cü ilədək müqavilə qüvvədədir. İrəvan təktərəfli qaydada müqavilədən çıxa bilməz. Ermənistan iqtisadi cəhətdən 82 faiz Rusiyadan asılıdır. İdxalın 35 faizi Rusiyadandır. Hazırda iki dövlət arasında ticarət dövriyyəsi 6-7 milyard dollar civarındadır. Bir çox mühüm sferalar Rusiyanın nəzarətindədir”.

Siyasi şərhçinin fikrincə, Moskvanı narahat edən odur ki, indiki hakimiyyətin ömrü uzun olarsa, Ermənistan Türkiyə vasitəsi ilə Qərbə inteqrasiyanı sürətləndirəcək:

“Zamanla tədricən Rusiyadan iqtisadi asılılıq aradan qalxacaq. Bunun ardınca Avropa sərmayəsi Ermənistana daxil olacaq. Sonrakı dönəmdə Rusiyanın Ermənistanda və bölgədə hərbi-siyasi mövcudluğu zəifləyəcək. İndiki şəraitdə tərəflər arasında gərginliyin yaranmasında həm İrəvanın, həm də Moskvanın öz maraqları var”.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Iyun 2026