ABŞ-nin İranın Qeşm adasındakı hərbi obyektlərinə endirdiyi yerüstü zərbələr və buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargahını raket və PUA-larla hədəf alması, Yaxın Şərqdəki gərginliyi kritik həddə çatdırıb. Hər iki tərəfin bir-birinin strateji mövqelərinə birbaşa və qarşılıqlı zərbələr endirməsi regionu böyük müharibənin astanasına gətirib çıxarıb.
Bu hərbi eskalasiya fonunda ekspertlərin ABŞ-İran danışıqlar prosesinin gələcəyi və hərbi əməliyyatların daha geniş coğrafiyaya yayılma ehtimalı ilə bağlı təhlilləri xüsusi aktuallıq qazanır.
Bəs tərəflərin bu amansız qarşıdurması regionda nəzarətdən çıxan yeni bir müharibəni alovlandırırmı? Mövcud hərbi böhran sülh və danışıqlar masasını tamamilə sıradan çıxarıb?
Mövzuyla bağlı Bakıvaxtı.az-adanışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran arasında davam edən danışıqlar prosesi hələlik mürəkkəb xarakter daşıyır. Bu prosesdə pozitiv nəticələrin əldə olunma ehtimalı olsa da, bunun yaxın vaxtlarda baş verəcəyi o qədər də inandırıcı görünmür. Çünki hər iki tərəfin israrla üzərində durduğu şərtlər mövcuddur. Məsələn, ABŞ İranın nüvə proqramının ləğvini tələb eləyir və bununla, buna paralel olaraq da Hörmüz boğazının sərbəst hərəkət marşrutu kimi fəaliyyət göstərməsində israrlıdır:
"Eyni zamanda İranın da üzərində ciddi dayandığı şərtlər var. Elə xüsusilə də nüvə proqramının davam etdirilməsində israrlıdır və ümumiyyətlə, bu mövzuda danışıqlar aparmaq istəmir. Bu da o deməkdir ki, danışıqlar prosesi qeyri-müəyyən müddətə qədər uzana bilər".
.jpg)
Elçin Xalidbəyli: ABŞ-nin regionda hərbi iştirakı daha da genişlənə bilər
Politoloqun sözlərinə görə, digər tərəfdən, İranın daxilində sülhün baş tutmasında maraqlı olmayan qüvvələr də var və hər iki tərəfdən bir-birinə zərbələr endirilir. Bu da o deməkdir ki, hansısa mərhələdə bu zərbələr daha genişmiqyaslı hərbi toqquşmalara çevrilə bilər:
"Bu, böyük ölçüdə danışıqlar prosesinin hansı istiqamətlərə yönəlməsindən də asılıdır. Eyni zamanda qlobal geopolitik proseslərin təsirləri də bu məsələdə öz rolunu oynaya bilər. Əgər ABŞ üçün Hörmüz boğazının Çin üçün qapadılması böyük önəm daşıyarsa, o zaman ABŞ-nin regionda hərbi iştirakının daha da genişlənmək ehtimalı mövcuddur".
Yəni, hazırda sülh prosesi, yəni danışıqlar prosesi yaxın vaxtlarda birmənalı şəkildə savaşın dayandırılması və yaxud da ümumiyyətlə hərbi böhranın aradan qaldırılmasına təminat vermir və hansısa mərhələdə hərbi əməliyyatların bərpa olunma ehtimalı da mövcuddur".
Zeynəb Rzayeva
Bakı 




