• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

“Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı - YENİLƏNİB

İDMAN

03 Iyun 2026 | 13:47

“Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı - YENİLƏNİB

AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, UEFA tərəfindən AFFA İntizam Komitəsinin "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib.

Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

***

10:08

UEFA “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklarda iştirakdan kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.

“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, “Turan Tovuz” tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazanılan Konfrans Liqasında iştirakın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq: “Əlavə olaraq bildirik ki, Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq kampına yollanacaq”.

Xatırladaq ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən “Turan Tovuz”un 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərə qadağa qoyulmuşdu.


SON XƏBƏRLƏR

03 Iyun 2026