Hollivudun ən məşhur və sevilən aktyorlarından biri olan Leonardo DiKaprio uzun illərdir canlandırdığı obrazlarla milyonlarla tamaşaçının rəğbətini qazanır. Onun iştirak etdiyi filmlər maraqlı süjetləri, gözlənilməz hadisələri və təsirli səhnələri ilə yadda qalır.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, aktyor karyerası ərzində 30-dan çox filmdə rol alıb. Onun çəkildiyi ekran əsərlərinin bir çoxu dünya kinosunun ən uğurlu nümunələri sırasında yer alır.
Leonardo DiKaprionun mütləq izlənilməli 13 filmini təqdim edirik.
1. “Bacarırsansa, məni tut” (2002-ci il)
Real hadisələr əsasında çəkilən film gənc fırıldaqçı Frenk Abiqneylin həyatından bəhs edir. Valideynlərinin boşanmasından sonra evdən qaçan Frenk saxta sənədlər və çeklər hazırlayaraq insanları aldatmağa başlayır. O, özünü müxtəlif peşələrin sahibi kimi təqdim edir və uzun müddət hüquq-mühafizə orqanlarından yayınmağı bacarır.
Lakin onun fəaliyyəti FTB agenti Karl Henrettinin diqqətini çəkir. Bundan sonra ağıllı fırıldaqçı ilə təcrübəli agent arasında maraqlı təqib başlayır. Frenk hər dəfə agentdən bir addım öndə olmağa çalışır.
2. “Sağ qalan” (2015-ci il)
Leonardo DiKaprio məhz bu filmdəki roluna görə uzun illər gözlədiyi “Oskar” mükafatını qazanıb.
Film Amerika Vəhşi Qərbində ağır yaralanan ovçu Hyu Qlassın sağ qalmaq uğrunda mübarizəsindən bəhs edir. Yoldaşı Con Fitscerald tərəfindən ölümə tərk edilən Qlass sərt qış şəraitində, vəhşi təbiətin qoynunda həyatda qalmağa çalışır.
Onun yeganə silahı güclü iradəsi və intiqam almaq istəyidir. Film insanın ən çətin vəziyyətlərdə belə yaşamaq uğrunda mübarizəsini təsirli şəkildə nümayiş etdirir.
3. “Başlanğıc” (2010-cu il)
Dom Kobb insanların yuxularına daxil olaraq onların şüuraltından qiymətli sirləri oğurlayan peşəkar cinayətkardır.
Bir gün ona qeyri-adi tapşırıq verilir. Bu dəfə o, başqa bir insanın beyninə yeni ideya yerləşdirməlidir.
İlk baxışdan mümkünsüz görünən bu əməliyyat zamanı Kobb və komandası yuxunun müxtəlif qatlarına daxil olur. Hadisələr inkişaf etdikcə reallıqla xəyal arasındakı sərhədlər qarışır. Film mürəkkəb süjeti və gözlənilməz finalı ilə tamaşaçıları düşündürür.
4. “Dönüklər” (2006-cı il)
Leonardo DiKaprio filmdə cinayətkar dəstəyə sızan polis əməkdaşı Billi Kostiqanı canlandırır.
Eyni zamanda cinayətkar qruplaşmanın adamı Kolin Sallivan polis sistemində fəaliyyət göstərir. Hər iki tərəf öz sıralarındakı gizli şəxsi müəyyən etməyə çalışır. Hadisələr getdikcə daha təhlükəli xarakter alır. Xəyanət, etibar və ikili həyat mövzuları filmin əsas xəttini təşkil edir.
Ekran əsəri dörd “Oskar”, o cümlədən “Ən yaxşı film” mükafatını qazanıb.
5. “Titanik” (1997-ci il)
Leonardo DiKaprioya dünya şöhrəti qazandıran film kasıb gənc Ceklə varlı ailədən olan Rozanın sevgi hekayəsindən bəhs edir.
Onlar “Titanik” gəmisində tanış olur və qısa müddətdə bir-birlərinə aşiq olurlar. Lakin Rozanın ailəsi bu münasibətə qarşı çıxır. Gəminin aysberqlə toqquşması isə hər şeyi dəyişir. Sevgi hekayəsi faciəvi hadisələrin fonunda davam edir.
“Titanik” dünya kino tarixinin ən məşhur ekran əsərlərindən birinə çevrilib və 11 “Oskar” mükafatına layiq görülüb.
6. “Azad edilmiş Canqo” (2012-ci il)
Film köləlikdən azad edilən Canqonun həyat yoldaşını tapmaq uğrunda mübarizəsindən bəhs edir.
O, mükafat ovçusu doktor Kinq Şultsla birlikdə təhlükəli cinayətkarları izləməyə başlayır. Lakin Canqonun əsas məqsədi kölə tacirləri tərəfindən əlindən alınan həyat yoldaşını xilas etməkdir. Leonardo DiKaprio filmdə qəddar plantasiya sahibi Kelvin Kendi obrazını canlandırır. Aktyorun mənfi obrazı ustalıqla canlandırması filmin ən diqqətçəkən məqamlarından biridir.
7. “Lənətlənmişlər adası” (2010-cu il)
İki federal marşal ruhi xəstə cinayətkarların saxlanıldığı adaya göndərilir. Onların məqsədi xəstəxanadan müəmmalı şəkildə yoxa çıxan qadının izinə düşməkdir. Lakin araşdırma zamanı qəribə hadisələr baş verir. Xəstəxana əməkdaşlarının davranışları, gizli məlumatlar və adanı bürüyən fırtına vəziyyəti daha da mürəkkəbləşdirir. Baş qəhrəman hadisələrin arxasında böyük sirrin dayandığını düşünür.
Film gözlənilməz süjet dönüşləri ilə tamaşaçını son ana qədər gərginlikdə saxlayır.
8. “Uoll-strit canavarı” (2013-cü il)
Film broker Cordan Belfortun sürətli varlanması, dəbdəbəli həyatı və maliyyə fırıldaqlarından bəhs edir. Belfort kiçik səhmlərin satışı ilə məşğul olmağa başlayır və qısa müddətdə böyük sərvət qazanır. Daha sonra öz şirkətini quraraq ətrafına geniş komanda toplayır.
Lakin onun fəaliyyəti qanunsuz maliyyə əməliyyatları və fırıldaqlarla müşayiət olunur. Nəticədə FTB onun sürətlə artan sərvətinin mənbəyini araşdırmağa başlayır. Film pul hərisliyinin, şöhrət arzusunun və hədsiz dəbdəbənin insan həyatına təsirini göstərir.
9. “Bir zamanlar Hollivudda” (2019-cu il)
Hadisələr 1960-cı illərin Los-Ancelesində cərəyan edir. Bir vaxtlar məşhur olan aktyor Rik Dalton və onun dublyoru Kliff But dəyişən Hollivud dünyasında əvvəlki şöhrətlərini qaytarmağa çalışırlar. Kino sənayesində baş verən yeniliklər onların karyerasına təsir göstərir. İki dost yeni imkanlar axtararkən gözlənilməz hadisələrlə qarşılaşır.
Filmdə Hollivudun keçmiş dövrü, məşhurların həyatı və kino sənayesindəki dəyişikliklər öz əksini tapır.
10. “Gilbert Qreybi nə narahat edir?” (1993-cü il)
Film ABŞ-nin kiçik şəhərlərindən birində yaşayan Gilbert Qreybin həyatından bəhs edir. Gilbert ailəsinin qayğıları ilə məşğul olduğu üçün öz arzularını həyata keçirə bilmir. Onun iki bacısı, xüsusi qayğıya ehtiyacı olan qardaşı və anası var. Leonardo DiKaprio filmdə Gilbertin kiçik qardaşını canlandırır. Gənc aktyor bu rolu ilə böyük diqqət qazanıb və ilk dəfə “Oskar” mükafatına namizəd göstərilib.
11. “Yuxarı baxmayın” (2021-ci il)
Astronom Rendall Mindi və gənc alim Keyt Dibiaski Yerə doğru hərəkət edən nəhəng kometa aşkarlayırlar. Alimlərin hesablamalarına görə, kometa planetlə toqquşarsa, bəşəriyyət məhv ola bilər.
Onlar təhlükə barədə hökuməti, medianı və ictimaiyyəti xəbərdar etməyə çalışırlar. Lakin xəbərdarlıqlar ciddi qəbul edilmir. Film siyasət, media və cəmiyyətin qlobal təhlükələrə münasibətini satirik formada tənqid edir.
12. “Çiçəkli Ayın qatilləri” (2023-cü il)
Hadisələr 1920-ci illərdə ABŞ-nin Oklahoma ştatında baş verir. Osaj xalqının torpaqlarında neft aşkar edildikdən sonra yerli sakinlər böyük sərvət əldə etməyə başlayırlar. Lakin bu zənginlik bölgədə müəmmalı qətllərin və cinayətkar planların yaranmasına səbəb olur.
Leonardo DiKaprio filmdə həyat yoldaşının ailəsi ətrafında qurulan cinayət sxeminə qarışan Ernest Berkhartı canlandırır. Real hadisələrə əsaslanan film tamahkarlıq, xəyanət və ədalətsizlik mövzularını əhatə edir.
13. “Döyüş ardınca döyüş” (2025-ci il)
Leonardo DiKaprio filmdə keçmiş inqilabçı Bob obrazını canlandırır. Bob uzun müddətdir cəmiyyətdən uzaq yaşayır və qızı Uilla ilə sakit həyat sürməyə çalışır. Lakin 16 ildən sonra köhnə düşməninin yenidən ortaya çıxması onun həyatını alt-üst edir.
Qızının yoxa çıxması isə Bobu keçmişi ilə üzləşməyə məcbur edir. O, qızını tapmaq üçün təhlükəli axtarışa başlayır. Filmdə Şon Penn, Benisio del Toro və Recina Holl kimi məşhur aktyorlar da rol alıblar.
















