"Hər şeydən öncə nəzərə alınmalı məsələ odur ki, Gürcüstanın xarici siyasətində daxili siyasi amil bəlkə də heç zaman olmadığı qədər mühüm rol oynayır. Bunun özünü də şərtləndirən amil ilk növbədə ölkənin coğrafi mövqeyi və regionda baş verən hadisələr fonunda hərtərəfli şaxələndirmə siyasətidir".
Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənovabildirib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə, Çin, ABŞ və Avropa İttifaqının maraqlarının kəsişdiyi ərazidə yerləşməsi Gürcüstana tranzit ölkə olaraq imkanlar yaratsa da, maneələr də törədir. Əsas məsələ imkanı fürsətə çevirməkdir. Politoloq qeyd edib ki, mövcud geosiyasi reallıqda Avropa İttifaqının Cənubi Qafqazla apardığı siyasətə cavab, uduşlu reaksiya və ya mövqe müəyyənləşdirmə siyasətində Azərbaycan-Gürcüstan münasibətləri mühüm rol oynaya bilər:
"O da nəzərə alınmalıdır ki, alternativ marşrutların inkişafı Gürcüstanın Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən əsas tranzit ölkə kimi roluna təsirsiz ötüşməyəcək. Deməli, Azərbaycan-Gürcüstan münasibətlərinin təsir dairəsi sadəcə iki ölkə ilə məhdudlaşmayıb daha geniş coğrafiyanı əhatə edir. Burada söhbət Türkiyə-Gürcüstan münasibətlərindən, Qara dənizin təhlükəsizliyindən, Orta Dəhliz və Cənubi Qafqazdakı yeni nəqliyyat marşrutlarından gedir. Lakin bütün bunlardan önəmli qarşısıalınmaz reallıqlara Gürcüstanın yürüdəcəyi daxili və xarici siyasətlə necə reaksiya verəcəyidir".
Dediyinə görə, şübhəsiz ki, Gürcüstan-Azərbaycan münasibətlərinin təməlində uzun illər ərzində formalaşmış strateji tərəfdaşlıq dayanır. Bunun əsasını suverenliyə hörmət, iqtisadi maraqlar, regional tərəfdaşlıq, regional təhlükəsizlik və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi təşkil edir.
Ş.Həsənova bildirib ki, iki ölkənin iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının oktyabrın sonunda keçirilməsi planlaşdırılır. Komissiyanın həmsədrləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzedir. İclas çərçivəsində ikitərəfli münasibətlərin və aktual məsələlərin müzakirəsi, həmçinin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi üçün konkret tarixlərin müəyyənləşdirilməsi nəzərdə tutulur:
“Lakin münasibətlərimizi sadəcə iqtisadi amillərlə məhdudlaşdıra bilmərik. Müxtəlif istiqamətlər üzrə mövcud vəziyyətin siyasi platformada müzakirəsi baxımından da bu görüş mühüm əhəmiyyət kəsb edir”.
Müsahibimiz qeyd edib ki, son zamanlar tarixi irs, dini abidələr və milli kimliklə bağlı məsələlərin gündəmə gəlməsi onu göstərir ki, siyasi müstəvidə həllini tapmayan məsələlər artıq vaxt itirmədən və qarşısıalınmaz formada ictimai müzakirələrin predmetinə daha sürətlə çevrilə bilir. Bu baxımdan həm mövcud vəziyyəti qoruyub saxlamaq, həm də bu kimi məsələlərin ikitərəfli münasibətlərə təsir göstərməsinin qarşısını almaq mühüm əhəmiyyət kəsb edir:
“Energetika və tranzit, şübhəsiz ki, münasibətlərimizin əsasını təşkil edən məsələlərdəndir. 2026-cı il mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iqtisadiyyat, energetika və nəqliyyat əlaqələrini dərinləşdirməyə yönəlmiş sənədlər imzalandı. Azərbaycan qazının beynəlxalq bazarlara tranzitini, Gürcüstana təbii qaz tədarükünü, elektrik enerjisinin təchizatını və Gürcüstan üzərindən Türkiyəyə ötürülməsini əhatə edən bu sənədlər regional əməkdaşlıq baxımından mühüm rol oynayır. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin müasirləşdirilməsi də bu gün mühüm istiqamət kimi qiymətləndirilir. Siyasi münasibətlərdə qarşılıqlı təminatların artması yük axınlarının davamlılığına kömək edir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması vacibdir”.
O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat əlaqələri münasibətlərimizdə əhəmiyyətli paya malikdir. Mövcud infrastrukturlardan Gürcüstan tranzit gəlirləri əldə edir. Habelə, regional logistika mərkəzi kimi siyasi və iqtisadi mövqeyini möhkəmləndirir.
Buna görə də Gürcüstanla Azərbaycanı tarixi bağlar birləşdirsə də, burada konkret iqtisadi maraqlardan da söhbət gedir. Bu maraqlar düzgün uzlaşdırılarsa, regional sabitliyə daha möhkəm əsaslarla töhfə verə bilər. Şübhəsiz ki, Gürcüstanın adıçəkilən irimiqyaslı layihələrdə tranzit ölkə kimi çıxış etməsi onun regional əhəmiyyətini artırıb:
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və TRIPP layihəsinin gündəmə gəlməsi regional logistikanın da dəyişə biləcəyi ilə bağlı müəyyən suallar və narahatlıqlar yaradır. Tranzit imkanlarını genişləndirmək bu gün hər bir dövlətin qarşısında dayanan çağırışdır. Hər hansı bir marşrutdan həddindən artıq asılılıq mənfi nəticələrlə özünü göstərə bilər. Bu baxımdan yükdaşımaların çevikliyi və davamlılığı artırılmalıdır”.

Şəbnəm Həsənova: Gürcüstan-Azərbaycan münasibətlərinin təməlində strateji tərəfdaşlıq dayanır
Ş.Həsənova bildirib ki, Azərbaycan marşrutların şaxələndirilməsini strateji amil kimi qiymətləndirir. Bu amil Gürcüstan üçün dərhal təhdid kimi başa düşülməməlidir. Çünki istər TRIPP layihəsinin nəticəsi, istərsə də onun regional nəqliyyat sisteminə təsiri bir sıra digər amillərdən asılıdır. Söhbət hüquqi çərçivədən, maliyyələşmədən, infrastrukturun qurulmasından, sərhəd və gömrük prosedurlarından, həmçinin Ermənistanla Azərbaycan arasında əldə olunacaq irəliləyişdən gedir:
“Düşünürəm ki, Gürcüstan dəqiq hesablamalar aparmalıdır. Səmərəliliyin artırılması, sərhəd prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi baxımından yeni iqtisadi layihələr ətrafında düşünülməlidir. Buraya logistika xidmətlərinin təkmilləşdirilməsi də daxildir.
Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqələri, Türkiyəni də nəzərə alsaq, üçtərəfli tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bölgəyə yeni layihələrin daxil olması dövlətlərdən öz siyasətlərini yeni şəraitə uyğunlaşdırmağı tələb edəcək”.
Ekspertin sözlərinə görə, birgə ekspert qrupunun yaradılması da qarşıda dayanan məsələlərdən biridir. Bu, ictimai sferada mümkün təxribatların qarşısının alınmasına kömək edə bilər. Zənn edirəm ki, regionun dayanıqlı inkişafı yalnız dövlətlərarası və dövlət institutları arasındakı münasibətlərdən deyil, həm də vətəndaş cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindən keçir:
“Habelə, Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi də maraqların uzlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Nəticə etibarilə, münasibətlərimizin gələcəyini müəyyənləşdirən amil yeni tranzit marşrutlarının meydana çıxması və ya marşrutların şaxələndirilməsi deyil. Hər iki ölkənin dəyişən regional şəraitə necə uyğunlaşacağı mühüm əhəmiyyət kəsb edir”.
Zeynəb Rzayeva
















