Oktyabrın 21-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Forumu ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə artan strateji əhəmiyyətini bir daha gündəmə gətirib. “Dəhlizlərin birləşdirilməsi: Bağlantılar və infrastruktur” mövzusuna həsr olunan forumda nəqliyyat, logistika, investisiya imkanları və Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunur.
Tədbirin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının 30-cu, biznes forumunun isə 10-cu ildönümünə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır. Bu hadisə Azərbaycanın artıq yalnız enerji təchizatçısı deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir.
Azərbaycanın geosiyasi üstünlüklərindən biri onun mühüm beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi və dəmir yolu əlaqələrinin inkişafı ölkənin tranzit potensialını gücləndirib. Xüsusilə Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya uzanan ticarət marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyət qazanır. Mövcud beynəlxalq şəraitdə alternativ və təhlükəsiz daşınma yollarına marağın artması Azərbaycanın üstünlüklərini daha da aktuallaşdırır. Beləliklə, Bakı regional nəqliyyat qovşağı olmaqla yanaşı, qitələrarası iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevrilmək imkanlarını genişləndirir.
Avropa şirkətlərinin Azərbaycana marağının artması artıq konkret göstəricilərdə də öz əksini tapır. Forumda açıqlanan sorğunun nəticələrinə əsasən, iştirakçı Avropa şirkətlərinin 25 faizi Orta Dəhlizdən istifadə etdiyini və ya istifadə etməyi planlaşdırdığını, daha 24 faizi isə qarşıdakı iki-üç ildə bu imkanı nəzərdən keçirdiyini bildirib. Bu rəqəmlər Azərbaycanın nəqliyyat potensialının beynəlxalq biznes dairələri üçün getdikcə daha cəlbedici olduğunu göstərir. Xüsusilə Avropa şirkətlərinin alternativ təchizat marşrutları axtarması Bakı üçün yeni iqtisadi imkanlar yaradır. Azərbaycanın qarşısında duran əsas vəzifə isə bu marağı davamlı investisiyalara, yeni logistika mərkəzlərinə və əlavə iş yerlərinə çevirməkdir.
Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqətçəkən digər istiqamət əməkdaşlığın enerji sektorundan kənara çıxmasıdır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç forumda bildirib ki, Avropa Komissiyası Azərbaycanın strateji iqtisadi sahələrinə, o cümlədən bərpaolunan enerjiyə özəl investisiyaların cəlb olunması üzərində işləyir. Eyni zamanda, tərəflər arasında yeni hərtərəfli saziş üzrə danışıqların bərpa edilməsi siyasi və iqtisadi münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, yaşıl enerji, infrastruktur və rəqəmsal bağlantılar sahəsində də tərəfdaşlığını genişləndirməyə çalışır. Bu isə ölkənin beynəlxalq iqtisadi münasibətlərdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın regional əhəmiyyətini artıran əsas amillərdən biri də Cənubi Qafqazda yeni nəqliyyat bağlantılarının formalaşması perspektividir. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılmasını nəzərdə tutan TRIPP təşəbbüsü beynəlxalq nəqliyyat sistemində yeni imkanlar aça bilər. Avropa İttifaqının sənədlərində də Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun inkişafı və Orta Dəhlizin imkanlarının genişləndirilməsi əməkdaşlığın prioritetləri sırasında göstərilir. Bu layihələrin reallaşması Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, regionun beynəlxalq ticarət sisteminə inteqrasiyasını da sürətləndirə bilər. Belə bir perspektiv Bakının regional iqtisadi proseslərdə iştirakını daha da əhəmiyyətli edir.
Bütün bu proseslər Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasətin iqtisadi nəticələrini nümayiş etdirir. Bakı həm Avropa İttifaqı, həm Mərkəzi Asiya dövlətləri, həm də digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirərək özünü müxtəlif iqtisadi məkanlar arasında etibarlı əlaqələndirici kimi mövqeləndirir. Azərbaycanın üstünlüyü yalnız əlverişli coğrafi mövqeyində deyil, həmin mövqeyi real infrastruktur, enerji və nəqliyyat layihələri ilə dəstəkləməsindədir. Bu gün Bakıda keçirilən biznes forumu da beynəlxalq tərəfdaşların ölkəmizin iqtisadi imkanlarına göstərdiyi marağın növbəti ifadəsidir. Qarşıdakı dövrdə əsas uğur meyarı bu əməkdaşlığın konkret sərmayələrə, ticarət dövriyyəsinin artmasına və iqtisadi şaxələndirməyə verdiyi töhfə olacaq. Azərbaycanın strateji hədəfi isə aydındır: Avropa ilə Asiyanı birləşdirən coğrafi məkan olmaqdan daha irəli gedərək, qitələrarası iqtisadi əməkdaşlığın fəal və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmək.
Züriyə Qarayeva
















