• Bakı 17° C

    1.68 m/s

Ermənistan hərbçimizi geri qaytarmaqla bağlı qərarı niyə gecikdirir? - DETALLAR

SİYASƏT

22 Oktyabr 2026 | 11:00 | Müəllif: Günəş Mərd

Ermənistan hərbçimizi geri qaytarmaqla bağlı qərarı niyə gecikdirir? - DETALLAR

"Azərbaycan və Ermənistan münasibətlərində sərhədi keçən hərbçilər və mülki şəxslərlə bağlı belə hallar həm işğal dövründə, həm də Vətən müharibəsindən sonra qeydə alınıb. Sərhədin bəzi hissələrində müvafiq avadanlıqların olmaması, dağlıq ərazilər və məhdud görünüş şəraiti insanların yolu azaraq qarşı tərəfə keçməsi ehtimalını artırır".

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bunu Bakıvaxtı.az-a danışarkən bildirib.

Onun sözlərinə görə, belə hallar yalnız Azərbaycan-Ermənistan münasibətlərində deyil, dünyanın müxtəlif ölkələrində də baş verir. Xüsusilə sərhəd ərazilərində lazımi texniki avadanlıqların olmadığı, relyefin mürəkkəb olduğu və görünüşün məhdudlaşdığı şəraitdə həm hərbçilərin, həm də çobanların sərhədi bilmədən keçməsi mümkündür.

"Belə hadisələr baş verdikdə məsələ iki dövlət arasında mövcud münasibətlər çərçivəsində araşdırılmalı, səbəblər müəyyənləşdirilməli və şəxslərin geri qaytarılması təmin olunmalıdır. Hərbçilərin və mülki şəxslərin bu cür hadisələrdən sonra geri qaytarılması dövlətlər arasındakı münasibətlərin göstəricilərindən biridir".

Ekspert qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələri şərti sərhəd xarakteri daşıyır. Onun fikrincə, burada dövlət sərhədini dəqiq göstərən texniki vasitələrin yetərli olmaması və açıq ərazilərin çoxluğu, xüsusilə dumanlı havada insanların istiqaməti itirməsinə və qarşı tərəfə keçməsinə şərait yarada bilər.

Şair Ramaldanov hesab edir ki, bu cür insidentlərin baş verməsi Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin tam başa çatdırılmaması ilə də əlaqəlidir. O bildirib ki, 2020-ci ildəki Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda sərhədlərin müəyyənləşdirilməsi məsələsi də əksini tapıb və bu məqsədlə müvafiq komissiyalar yaradılıb.

"Həmin proses çərçivəsində Qazax rayonunun dörd kəndi Azərbaycana qaytarılıb, həmçinin Qazax istiqamətində təxminən 13 kilometrlik ərazidə sərhəd xətti komissiyalar tərəfindən razılaşdırılaraq təsdiqlənib. Lakin bundan sonra delimitasiya və demarkasiya işlərinin davam etdirilməməsi suallar yaradır. Prosesin dayanmasına görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. Azərbaycan tərəfi sərhədin müəyyənləşdirilməsi məsələsini dəfələrlə gündəmə gətirsə də, Ermənistan müxtəlif səbəblər irəli sürərək prosesi ləngidir".

Ramaldanov Azərbaycanın Ermənistanla münasibətlərdə nümayiş etdirdiyi humanist yanaşmaya da toxunub. O bildirib ki, Azərbaycanın qonşuluq siyasəti çərçivəsində atdığı addımların qarşılığında Ermənistan tərəfindən eyni münasibətin göstərilmədiyini düşünür.

“Azərbaycanın göstərdiyi jestlər Ermənistan tərəfindən düzgün qiymətləndirilmir və bunun qarşılığı verilmir”.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi üçün hər iki ölkənin iştirakı ilə komissiyalar yaradılıb və bu, dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı texniki və hüquqi prosesdir. Ramaldanov hesab edir ki, bu işin davam etdirilməsi üçün əlavə siyasi maneələrin yaradılması düzgün yanaşma deyil:

"Sərhədin dəqiq müəyyənləşdirilməsi və lazımi texniki vasitələrlə təchiz edilməsi həm hərbçilərin, həm də sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyini artırardı. Delimitasiya və demarkasiya işləri vaxtında aparılsaydı, azərbaycanlı çobanın və hərbçinin qarşı tərəfə keçməsi ehtimalı da azala bilərdi".

Şair Ramaldanov, hərbi ekspert

Şair Ramaldanov Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Ermənistan ərazisinə doğru irəliləmədiyini, əsas məqsədin ölkənin ərazi bütövlüyünün bərpası olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan işğalçı dövlət deyil və müharibə zamanı da məqsədi öz torpaqlarını azad etmək olub.

Ekspert xatırladıb ki, müharibədən sonra tərəflər arasında əldə olunmuş razılaşmaların bir sıra müddəalarının icrası ilə bağlı problemlər qalır. O, xüsusilə delimitasiya və demarkasiya prosesinin tam şəkildə aktivləşməməsini qeyd edib və bu məsələnin sülh müqaviləsi istiqamətində irəliləyişə təsir göstərdiyini bildirib.

Ramaldanov Azərbaycanın Ermənistana münasibətdə atdığı iqtisadi və humanitar addımları da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan dəmir yolu vasitəsilə Ermənistana yüklərin daşınmasına şərait yaradıb, yanacaq, taxıl və digər məhsulların nəqli ilə bağlı addımlar atıb. Ekspert bunu Azərbaycanın regionda qonşuluq münasibətlərinin qurulmasına və sülh müqaviləsinin imzalanmasına yönəlmiş siyasətinin göstəricisi kimi qiymətləndirib.

"Belə addımların fonunda Azərbaycan hərbçisinin Ermənistanda saxlanılması və dərhal geri qaytarılmaması qarşılıqlı münasibətlər baxımından mənfi haldır. Bu, Azərbaycanın humanist yanaşmasına və qonşuluq siyasətinə lazımi qiymətin verilmədiyini göstərir".

Hərbi ekspert bildirib ki, əgər Azərbaycan hərbçisi Ermənistanda hər hansı cinayət törətməkdə şübhəli bilinirsə, bu məsələ hüquqi çərçivədə araşdırılmalıdır:

"Araşdırma prosesinə Azərbaycan nümayəndələri də dəvət oluna bilərdi. Digər variant kimi isə hərbçinin Azərbaycana qaytarılması və şübhələrin burada araşdırılması mümkün idi. Ermənistan tərəfi bu variantlardan heç birini seçməyərək hərbçini öz ərazisində saxlamağa davam edir".

Ekspert xatırladıb ki, Azərbaycan Vətən müharibəsindən əvvəl və sonra erməni hərbçilərinin geri qaytarılması ilə bağlı addımlar atıb. Onun fikrincə, Azərbaycan hərbçisinin geri qaytarılması üçün Ermənistan rəhbərliyinin əlavə siyasi qərarlara və ya mürəkkəb prosedurlara ehtiyacı yoxdur. Ramaldanov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın atdığı humanist addımları nəzərə alaraq hərbçinin geri qaytarılması barədə qərar verə bilərdi.

Hərbi ekspert Paşinyanın sülh ritorikasına da münasibət bildirib:

"Sülhdən danışmaq özlüyündə iki ölkə arasında bütün problemlərin həll olunduğu anlamına gəlmir. Real sülh üçün konkret addımlar atılmalı, sərhəd məsələləri həll edilməli və qarşılıqlı etimad gücləndirilməlidir".

O qeyd edib ki, Ermənistanın sərhəddə atəş açmaması təkcə sülhə sadiqliyin göstəricisi kimi qiymətləndirilməməlidir. Ekspertin fikrincə, Azərbaycanın hərbi imkanları və öz təhlükəsizliyini qorumaq iradəsi də regiondakı vəziyyətə təsir edən amillərdəndir.

"Nəsimi Musayev və eyni zamanda Ermənistana keçdiyi bildirilən azərbaycanlı çoban da Azərbaycana geri qaytarılmalıdır. Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı vəziyyət Ermənistanın sülh prosesində atdığı addımlarla bağlı ziddiyyətləri bir daha gündəmə gətirir. Sərhəd məsələlərinin həllinin uzadılması, mina problemi və hərbçinin geri qaytarılmaması iki ölkə arasında etimadın möhkəmlənməsinə mane olur".

Sonda ekspert Azərbaycanın öz milli maraqlarını qorumaq üçün kifayət qədər gücə, iradəyə və imkanlara malik olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan öz təhlükəsizliyini və suverenliyini qorumaq siyasətini davam etdirəcək, Ermənistanla münasibətlərdə isə real nəticələrə nail olmaq üçün qarşılıqlı addımların atılması vacib olaraq qalacaq.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026