Məlum olduğu kimi, Müdafiə Nazirliyinin "İstirahət evi"nin sabiq rəisi İlham Haqverdiyevin barəsində rüşvət ittihamı üzrə çıxarılmış hökm apellyasiya instansiyasında dəyişdirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının verdiyi apellyasiya protestinə baxılıb. Protest qismən təmin edilib.
Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində əvvəllər təyin olunmuş cərimə cəzası ləğv edilib. Ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bununla yanaşı, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək iki il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab olunub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, İlham Haqverdiyev Müdafiə Nazirliyinin "İstirahət evi"ndə rəhbər vəzifədə çalışdığı dövrdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəisi, polkovnik Oktay Babayevlə əlbir olaraq müəssisəyə işə qəbul adı altında müxtəlif şəxslərdən qanunsuz pul vəsaiti toplayıb. Məlumata əsasən, vətəndaşlardan alınan ödənişlərin müəyyən hissəsi polkovnik Oktay Babayevə çatdırılıb.
Əldə etdiyimiz məlumatlarda bildirilir ki, müəssisədə işə qəbul prosesi uzun müddət qeyri-rəsmi ödənişlər üzərində qurulub. Müxtəlif vəzifələrə qəbul olunmaq istəyən şəxslərdən əvvəlcədən pul tələb edildiyi, ödəniş etməyənlərin isə işlə təmin olunmadığı iddia edilir. Toplanan vəsaitlərin bölüşdürülməsi əvvəlcədən razılaşdırılmış qaydada həyata keçirilib.
Mənbənin sözlərinə görə, sabiq idarə rəisinin müavininin fəaliyyəti dövründə "İstirahət evi"ndə nəzarət mexanizmləri faktiki olaraq aradan qalxıb, müəssisədə özbaşınalıq hökm sürüb.
Maliyyə və təsərrüfat fəaliyyətinə nəzarətin zəifləməsi nəticəsində dövlət əmlakının idarə olunmasında ciddi pozuntulara yol verildiyi, büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilmədiyi və yeyinti hallarının baş verdiyi bildirilir.
Əldə etdiyimiz digər məlumata görə, müəssisənin maliyyə sənədlərində uyğunsuzluqlar aşkarlanıb, bəzi xərclərin sənədləşdirilməsində qanun pozuntularına yol verildiyi, dövlətə məxsus vəsaitlərin mənimsənilməsi ilə bağlı faktların araşdırıldığı qeyd olunur. Həmçinin idarəetmədə şəffaflığın olmaması səbəbindən müəssisənin fəaliyyəti ilə bağlı çoxsaylı narazılıqların yarandığı bildirilir.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin son qərarı ilə İlham Haqverdiyevə 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, cəza şərti hesab olunub və ona iki il sınaq müddəti müəyyən edilib.
Qeyd: Xəbərdə polkovnik Oktay Babayev və digər şəxslərlə bağlı yer alan məlumatlar Bakıvaxtı.az-ın əldə etdiyi məlumatlara əsaslanır və həmin şəxslərin təqsirli olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü kimi qiymətləndirilməməlidir.
Elcan Musalı
Bakı 



