Yevgeni Priqojinin ölümündən sonra Rusiya hökuməti "Vaqner" ÖHŞ-ni (özəl hərbi şirkət) öz nəzarətinə götürərək Müdafiə Nazirliyinin "Afrika Korpusu"nu yaratdı. Afrika regionundakı muzdlular məhz bu qurumun tabeliyinə keçməli idi.
Bakıvaxtı.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin məlumatına görə isə Priqojinin oğlu Pavel Mərkəzi Afrika Respublikasında (MAR) "vaqner"çilər üzərindəki nəzarəti qoruyub saxlamağı və atasının biznesini daha da genişləndirməyi bacarıb.
Nəşrin məlumatına əsasən, MAR Prezidenti Fosten-Arkanj Tuadera bu işdə ona dəstək olub. O, Kremldən "Vaqner" döyüşçülərinin Rusiya Müdafiə Nazirliyinin hərbçiləri ilə əvəzlənməməsini xahiş edib. Prezident Priqojinin muzdlularını ölkənin polis, ordu və kəşfiyyat bölmələrinə inteqrasiya edib. Ümumilikdə, ölkənin paytaxtı Bangidə 500-ə yaxın "vaqner"çi yerləşdirilib.
WSJ-in iddiasına görə, onlar dövlət başçısını qoruyur, üsyançılara qarşı döyüşür və qızıl hasilatı, silah, eləcə də narkotik ticarətindən gəlir əldə edirlər. Priqojin MAR-da ildə 250 milyon dollar gəlir gətirən ən böyük qızıl yatağına nəzarət edir. Yerli rəhbərlik çıxarılan metalı dövlət mülkiyyəti kimi rəsmiləşdirərək onun ölkə xaricinə çıxarılmasına köməklik göstərir.
Məlumata görə, son üç ayda tədarüklər Belarus vasitəsilə həyata keçirilib. Bundan əlavə, Priqojin yerli tramadol bazarının böyük bir hissəsinə nəzarət edir və Liviya, eləcə də Sudandakı qiyamçı qruplaşmalara silah satır. Həmçinin "Vaqner" ÖHŞ MAR-da pivə və araq istehsalı ilə də məşğul olur.
"Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Qlobal Təşəbbüs" təşkilatının hesablamalarına görə, Priqojinlər ailəsi ümumilikdə ildə 400 milyon dollardan çox vəsait qazanır. WSJ jurnalistlərinin rəyini öyrəndiyi ekspertlərin fikrincə, kiçik Priqojinin MAR-da öz mövqeyini möhkəmləndirməsinə Kremllə əldə olunmuş razılaşma kömək edə bilərdi.
Qəzet qeyd edir ki, qruplaşma, eyni zamanda, MAR-da anti-Qərb təbliğatı aparan, Prezident Tuaderanı tərifləyən və Rusiyanı mədh edən radio stansiyalarına da sahibdir.
Qeyd olunur ki, Pavel Sankt-Peterburqda yaşasa da, müntəzəm olaraq Bangiyə səfər edir. O bu işgüzar səfərlər zamanı faktiki olaraq "Vaqner" ÖHŞ-nin MAR-dakı qərargahına çevrilmiş "Ledger Plaza" hotelində qalır. Hotelin ərazisi avtomatlı döyüşçülər tərəfindən mühafizə olunur, Priqojinlə görüşmək üçün isə hətta yüksəkvəzifəli dövlət məmurları da ciddi təhlükəsizlik yoxlanışından keçirlər.
Yevgeni Priqojin 2023-cü ilin avqustunda həlak olanda Pavelin 25 yaşı var idi. O, atasının 12 milyard rubl dəyərində qiymətləndirilən bütün əmlakını miras olaraq alıb. Böyük Priqojinin dul həyat yoldaşı, iki qızı və anası da qalıb. Vəsiyyətnaməyə əsasən, Pavel onları "layiqli həyat"la təmin etməli idi. Pavelin mirası bölüşmək istəməməsi səbəbindən ailə daxilində münaqişə yaranıb.
Xatırladaq ki, Rusiya mərkəzi hökumətinə qarşı qiyam qaldırmış "Vaqner" muzdlularının rəhbəri olan Y.Priqojin 2023-cü il avqustun 24-də baş vermiş təyyarə qəzasında ölüb.
















