Türkiyədəki müəyyən hakimiyyətyönlü dairələr və media resursları tərəfindən Azərbaycana qarşı müxtəlif iddialar və ittihamlar səsləndirilir. Bu iddiaların konkret faktlara dayanmadığını nəzərə alsaq, sözügedən iddialar məhz nurçu-islamçı xəttə malik AKP hakimiyyəti daxilindəki müəyyən qruplardan gəlir.
Məhz bu islamçı-nurçu ideoloji çevrələrin anti-Azərbaycan ritorikasına qarşı hansı informasiya diplomatiyası yürütməliyik? Türkiyədən Azərbaycana qarşı yönələn tənqidlərə baxsaq, burada ikilistandart görünür. Bakının müstəqil xarici siyasət qərarlarını həzm edə bilməyən bu AKP-çi çevrələrə qarşı hansı konkret faktlarla cavab verilməlidir?
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan dövlətinin siyasəti həmişə şəffaf olub və biz bütün tərəfdaş və qardaş ölkələrlə çalışmışıq ki, münasibətlərimizi örtülü həqiqətlər üzərində qurmayaq:
"Bizim çalışmalarımız və istəklərimiz həmişə şəffaflıq rejimində baş tutub və biz bunu qarşı tərəflərin hamısından özümüz də gözləyirik. Bilirsiniz, oyun qaydaları həqiqətən razılaşdırılırsa, digər tərəfdən kin-küdurət yoxdursa, onda problem yaranmır. Amma bəzi hallarda Azərbaycan dövlətinin müstəqil siyasəti, bəzi məsələlərlə bağlı prinsipial yanaşması kimlərinsə xoşuna gəlmir. Onlar elə bilirlər ki, Azərbaycan da Ermənistan kimi kiminsə yedəyində gedən bir dövlətdir və gərək kimlərinsə mövqeyini, yanaşmasını nəzərə alaraq öz davranışlarına hardasa qatqılar əlavə etsin, kimlərinsə xoşuna gəlsin deyə onların arqumentlərindən istifadə etsin. Bu, bizə yapışan iş deyil. Çünki dövlət başçısı İlham Əliyev həmişə açıq şəkildə bildirir ki, ölkəsinin, siyasi sistemimizin niyyətləri nədən ibarətdir".
Azərbaycanın həmişə qonşuluq siyasətində və inteqrasiya proseslərində tək özünü düşünmədiyini bildirən T.Abbasova görə, ölkəmiz həm də dostlarını düşünməyə çalışır.
"Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan və Orta Dəhliz başda olmaqla bütün layihələrdə məqsədimiz birgə səylərlə çətin prosesləri reallaşdırmaq, insanların qazanc əldə etməsi, töhfə götürməsi və rifahının yaxşılaşmasıdır. Əlbəttə, özümüzü də düşünürük, onları da düşünürük. Ona görə də Azərbaycan dövlətinin inteqrasiya siyasəti həm Asiyada, həm Avropada, bütün dünyada böyük coşqu ilə qarşılanır. Bizə verilən qiymətlərin hamısı müsbətdir. Türkiyə isə əlbəttə ki, indi çox yanlış mövqedən çıxış edərək sanki Azərbaycanla münasibətləri qarşıdurma şəklində qurmaq kimi taktiki hədəf qoyub. Bu, təbii ki, bəzi qrupların fəaliyyətinin nəticəsidir", - deyə müsahibimiz qeyd edib.
Politoloqun fikrincə, indi hesab-kitab aparıb tərəzinin gözünə qoysaq, bizim Türkiyənin qarşısında heç bir əyri-əskik işimiz olmayıb:
"Mən 2009-cu ildəki Sürix protokollarını xatırladardım. Bizdən xəbərsiz Ermənistanın siyasi dairələri üçüncü tərəfin - Amerika Birləşmiş Ştatlarının və digər ölkələrin iştirakı ilə Ermənistanla barışığa getməyə çalışırdılar, Azərbaycanı oyundan kənar vəziyyətdə saxlamağa çalışırdılar. O zaman Prezident İlham Əliyev çox prinsipial mövqe tutdu və birmənalı şəkildə bildirdi ki, biz bu yanaşmanı qəbul etmirik. Digər tərəfdən, orada sivilizasiyalararası münasibətlərə aid beynəlxalq konfrans keçirilməli idi, İstanbulda ya Ankarada - 2009-cu ilin söhbətidir. Hətta Hillari Klinton Prezident İlham Əliyevə zəng vurdu ki, o, ora gəlsin.
Azərbaycan liderini orada görmək istəyirdilər ki, onu dörd bir tərəfdən əhatəyə alıb vadar etsinlər ki, "hə" desin. Prezident İlham Əliyev prinsipial olaraq "hə" deyə bilməzdi, demədi də. Həmin tədbirdə iştirak da etmədi, Azərbaycan dövlətinin mövqeyini bildirdi və Türkiyənin ictimai qrupları, müəyyən siyasi dairələri də Azərbaycanın səsinə səs verdilər. Yəni əgər onlar bizə nəsə irad tutmaq istəyirlərsə, bizim elə bir qara işimiz olmayıb. Elə bir mənfi münasibətimiz olmayıb ki, onu bizə irad tutsunlar, bizdə qüsur tapsınlar. Elə bir şey yoxdur".
Tofiq Abbasov vurğulayıb ki, bu dünyada rəqabət həmişə olub, var və olacaq. Bir çox məsələləri Azərbaycan daha yüngül tərzdə həm özünün, həm digərlərinin xeyrinə həll edir.
"Ola bilsin ki, bizim bu yanaşmalarımız Türkiyədə kimlərinsə xoşuna gəlmir. Amma vaxtilə AKP-nin özünün nurçulardan ibarət bir qolu var idi ki, onlar da istər Türkiyədə, istər Azərbaycanda aləmi bir-birinə qatmışdılar. Hətta Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhd də oldu. Azərbaycan bu proseslərin hamısını müşahidə edirdi və eyni zamanda çox sağlam mövqedən çıxış edərək həmişə konsensusa aparan yolları arayırdı. İndiki vaxtda Türkiyə dairələrindən Azərbaycana qarşı belə tənqidlərin, təqiblərin, hətta təhdidlərin gəlməsinin heç bir əsası yoxdur. Çünki Azərbaycan dövlətinin siyasətində onlar bir qüsur tapa bilməzlər. Biz müstəqil siyasət yürüdürük”.

Tofiq Abbasov: İndiki vaxtda Türkiyə dairələrindən Azərbaycana qarşı tənqidlərin, təqiblərin heç bir əsası yoxdur
Müsahibimizə görə, ola bilsin ki, bizim müstəqilliyimizin özü kimlərinsə ürəyincə deyil, kimlərsə bizə yuxarıdan aşağı baxır, bizi kiçik qardaş sayır:
“Amma biz artıq o münasibətləri inkar edirik, rədd edirik və onlara heç vaxt yol verməyəcəyik.Çünki nə kiçik qardaş, nə böyük qardaş - hər dövlətin öz hədəfləri, milli təhlükəsizlik konsepsiyası, inkişaf doktrinası, dövlət və bölgə proqramları var. Bunların hamısını biz özümüz həll edirik. Bizim öz beynimiz, başımız, intelektimiz və insan kapitalımız var. Biz bunları inkişaf etdiririk.Çox nahaq yerə kimlərəsə elə gəlir ki, guya onlar bizi tənqid etsələr, təqib etsələr, təzyiq göstərsələr, bizi psixoloji və mənəvi cəhətdən sındıra bilərlər. Bu, olan şey deyil. Biz buna heç vaxt imkan verməyəcəyik".
Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin siyasəti kifayət qədər şəffaf, rasional və praqmatikdir. Praqmatizm nədir? İndiki vəziyyətdə hər hansı bir variant əlverişli görünürsə, ona dəstək verib o proqramı inkişaf etdiririk:
"Ölkəmizin 2030-cu və 2050-ci illərlə bağlı çox dərin hesablamaları var. Biz kibertəhlükəsizlik məsələlərində də bütün dünya ilə - sağlam qüvvələrlə əməkdaşlıq edirik. Digər tərəfdən, yanımızda olan, bizə yaxın, qardaş olan xalqdan gözləmədiyimiz hərəkətlər gəlir ki, bu da sözün əsl mənasında nalayiq hərəkətlərdir. Biz bunu gözləmirdik. Onlar gərək çalışsınlar, heç olmasa öz ölkələrində, öz sosial dairələri qarşısında bəraət qazanmaq üçün üzr istəsinlər və bu, nə qədər tez olsa, bir o qədər yaxşı olar. Belə yararsız yanaşmalardan uzaq dursunlar. Bunun onsuz da axırı yoxdur və dediyim kimi, Azərbaycana bu cür gedişlərlə təsir göstərmək mümkünsüzdür".
Gülşən Şərif
















