İrəvanda keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılması məqsədli şəkildə gərginliyi artırmağa yönəlmiş addım kimi qiymətləndirilməlidir. Dövlət rəmzlərinə qarşı bu cür aqressiv münasibət beynəlxalq münasibətlərdə qəbul olunmuş davranış normalarına ziddir və regionda onsuzda kövrək olan sabitliyi daha da sarsıdır. Belə hadisələr dialoq imkanlarını zəiflədir, qarşılıqlı etimadı zədələyir və cəmiyyətlər arasında düşmənçilik mühitini dərinləşdirir.
Bu hadisəni daha geniş kontekstdə qiymətləndirdikdə, onun Ermənistan cəmiyyətində radikal düşüncənin və aqressiv milliyyətçiliyin mövcudluğunu açıq şəkildə göstərdiyi görünür. Bayraq yandırmaq sadəcə simvolik akt deyil, bu, qarşı tərəfə nifrət mesajı verən və onu düşmən obrazında təqdim edən ideoloji davranışdır. Belə yanaşma tarix boyu fərqli xalqlara qarşı düşmən münasibətinin formalaşmasına səbəb olmuş təhlükəli tendensiyaların davamı kimi qəbul edilə bilər.
Eyni zamanda bu hadisə təkcə bu günün reallığı deyil, keçmişdə baş vermiş hadisələrlə də müəyyən paralellər yaradır. Azərbaycanlılara qarşı törədilmiş zorakılıqlar, mədəni irsin dağıdılması və tarixi faktların təhrif olunması kimi hallar bu cür ideoloji xəttin daha əvvəl də mövcud olduğunu göstərir. Bu baxımdan İrəvandakı hadisə ayrı bir epizod deyil, daha geniş düşüncə sisteminin davamı kimi dəyərləndirilə bilər.
Ən mühüm məqam isə odur ki, belə bir hadisə kütləvi tədbir zamanı baş verir və buna qarşı effektiv müdaxilə olunmur. Bu isə artıq fərdi davranışdan çıxaraq institusional məsuliyyət məsələsini gündəmə gətirir. Dövlət orqanlarının və hüquq mühafizə strukturlarının bu cür hallara göz yumması ifadə azadlığı ilə əsaslandırıla bilməz. Əksinə, bu, ictimai təhlükəsizliyin və hüquqi normaların pozulmasına şərait yaratmaq deməkdir. Buna görə də baş verən hadisə ciddi şəkildə araşdırılmalı, məsul şəxslər müəyyənləşdirilməli və qanun çərçivəsində cavab verməlidirlər.
Züriyə Qarayeva
Bakı 




