Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Venesuela dövlətinə ölkənin keçmiş prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresin vəkil xərclərini qarşılamağa razılıq verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsinə məxsus elektron bazada dərc olunmuş sənəddə qeyd edilib.
Hakim Alvin Hellerşteynə göndərilən müraciətdə bildirilir:
"Tərəflər Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən Nikolas Maduro və Siliya Floresə hüquqi yardım göstərilməsi üçün yenilənmiş lisenziyaların verildiyini məhkəməyə birgə bəyan edirlər. Dəyişiklik edilmiş sənədlər müəyyən şərtlər daxilində müdafiə vəkillərinə Venesuela hökumətindən qonorar almağa şərait yaradır".
Bu qərarın ardınca, vəkil xərclərinin ödənilməməsi səbəbindən Venesuela rəhbərinə qarşı açılmış cinayət işinin xitam olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlər geri çağırılıb. Eyni zamanda, tərəflər növbəti məhkəmə prosesinin təxminən iki ay ərzində baş tutmasını xahiş ediblər.
Daha öncə Maduro Birləşmiş Ştatlarda prosedur qaydalarının pozulması əsası ilə məhkəmə işinin dayandırılmasını istəmişdi. O, rəhbərlik etdiyi hökumətin müdafiə prosesini maliyyələşdirməyə qadir olduğunu, ancaq rəsmi Vaşinqtonun buna əngəl yaratdığını vurğulamışdı. Mart ayının sonlarında hakim Hellerşteyn işi bağlamaqdan imtina etsə də, ABŞ rəhbərliyini vəkil qonorarlarının Venesuela tərəfindən ödənilməsinə icazə verməyə məcbur edib-etməyəcəyi ilə bağlı yaxın vaxtlarda qərar qəbul edəcəyini bildirmişdi.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada irimiqyaslı xüsusi əməliyyat həyata keçirmiş, nəticədə ölkə rəhbəri Nikolas Maduro və xanımı Siliya Flores saxlanılaraq Nyu-Yorka gətirilmişdi. Donald Tramp onların "narkoterrorizm" və Birləşmiş Ştatlara qarşı təhdid irəli sürməkdə günahlandırılaraq mühakimə olunacağını açıqlamışdı. Həmin vaxt vitse-prezident Delsi Rodriges müvəqqəti olaraq ölkə başçısı təyin edilmişdi.
Bakı 




