DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Xəzər rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb.
İdarədən Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 11:10 radələrində paytaxtın Xəzər rayonunda Dübəndi-Zirə yolunun 23-cü kilometrliyində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “Toyota Prius” markalı, 77-KD-762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü şlaqbaumsuz dəmir yolu keçidindən keçərkən qatarla toqquşub. Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki nəfər sərnişini xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
13:21
Daxili İşlər Nazirliyi bu gün Bakıda dəmir yolunda baş verən qəza barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakı şəhəri Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
12:44
Bu gün 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.
Bu barədə Bakıvaxtı.az-a ADY-dən bildirilib.
Məlumata görə, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə aidiyyəti üzrə araşdırılır.


















