Hesablama Palatasının Kollegiya iclasında 2027-ci il dövlət büdcəsinin layihəsi və onunla birlikdə təqdim olunan sənədlərin ilkin təhlilinin nəticələri müzakirə olunub.
Bu barədə Bakıvaxtı.az-a Hesablama Palatasından bildirilib.
İclasda büdcə-vergi siyasətinin əsas istiqamətləri və ortamüddətli dövr üçün hədəf göstəriciləri, dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar, icmal büdcə layihəsi, habelə Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına nəzərdə tutulan dəyişikliklərlə bağlı ilkin təhlilin nəticələri nəzərdən keçirilib.
Kollegiya üzvləri və struktur bölmə rəhbərləri təhlilin nəticələri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2027-ci il dövlət büdcəsinin təhlili üzrə işlərin davam etdirilməsi və qarşıda duran tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
İclasda, həmçinin Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən dövlət vəsaitindən və digər dövlət əmlakından istifadənin, "Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" publik hüquqi şəxsin istifadəsinə ayrılmış dövlət vəsaiti və digər dövlət əmlakının idarə olunmasının, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı və regional mərkəzləri tərəfindən dövlət vəsaitindən və digər dövlət əmlakından istifadənin auditinin nəticələri müzakirə olunub.
Bundan başqa, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları – Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu, Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu, həmçinin Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İdarə Edilməsi və Mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının gəlir və xərclərinin auditinin nəticələrinə dair auditor hesabatlarına baxılıb.
Müzakirələrin yekununda auditor hesabatlarının təsdiq edilməsi və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün audit olunan qurumlar tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərarlar qəbul olunub.
















