• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

20 min manatdan artıq pul köçürənləri nə gözləyir? - DETALLAR

CƏMİYYƏT

30 Sentyabr 2026 | 16:20 | Müəllif: Günəş Mərd

20 min manatdan artıq pul köçürənləri nə gözləyir? - DETALLAR

Oktyabrın 1-dən Azərbaycanda maliyyə institutlarının elektron və nağd əməliyyatlarla bağlı Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməsi üzrə yeni qaydalar qüvvəyə minəcək.

Yeni qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra həyata keçirilən hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat veriləcək. 20 min manat və daha yuxarı məbləğdə nağd əməliyyatlar da hesabatlandırılacaq.

Maraqlıdır, 20 min manat həddinin müəyyənləşdirilməsinin əsas məqsədi nədir? Yeni qaydanın vətəndaşların gündəlik bank əməliyyatlarına təsiri necə olacaq?

Natiq Cəfərli, iqtisadçı ekspert

İqtisadçı ekspert Natiq Cəfərli bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, qadağalar iqtisadiyyatda boz zonaların yaranmasına səbəb ola bilər:

“Ümumiyyətlə, mənim iqtisadi mövqeyimə və iqtisadiyyata baxışıma görə, qadağalarla heç nəyi həll etmək mümkün deyil. Mən qadağaların əleyhinəyəm. Qadağalar iqtisadiyyatda yalnız boz zonaların yaranmasına səbəb olur.

Bu qadağaları və məhdudiyyətləri tətbiq edən orqanlar bunun səbəbini açıqlamayıblar. Məsələn, ailə üzvləri arasında il ərzində 20 min manatdan çox pul köçürüləcəksə, nə baş verəcək? Ailə başçısı həyat yoldaşına, uşaqlarına, xaricdə və ya burada yaşayan övladlarına, atasına və ya anasına il ərzində 20 mindən bir qədər çox pul köçürərsə, nə dəyişəcək?

Niyə bununla bağlı ayrıca hesabat verilməlidir? Bu qayda kimlərə aid olmalıdır? Yalnız biznes sahəsinə şamil edilməlidir, yoxsa bütün vətəndaşlara aid olacaq? Bu məsələlərlə bağlı çoxlu suallar yaranır.

Son zamanlar bank kartları və pul köçürmələri ilə bağlı belə məhdudiyyətlərin tətbiqi heç də ürəkaçan deyil. İstənilən məhdudiyyət gec-tez iqtisadi aktivliyi zəiflədən amilə çevrilir”, - deyə Natiq Cəfərli bildirib.

 

Akif Nəsirli, iqtisadçı ekspert

İqtisadçı ekspert Akif Nəsirli isə bildirib ki, 20 min manat həddinin müəyyənləşdirilməsində əsas məqsəd vətəndaşların adi bank əməliyyatlarını məhdudlaşdırmaq deyil, iri həcmli pul hərəkətlərinin maliyyə monitorinqi sistemində görünməsini təmin etməkdir.

Onun sözlərinə görə, 20 min manat və ya daha yuxarı məbləğdə elektron köçürmələr və nağd əməliyyatlar barədə məlumatın təqdim edilməsi əsasən çirkli pulların yuyulması, qanunsuz maliyyə dövriyyəsi və digər maliyyə cinayətlərinin qarşısının alınmasına yönəlib. Adi vətəndaşın gündəlik bank əməliyyatlarına ciddi təsir gözlənilmir: 

“Burada əsas məsələ 20 min manatdan yuxarı əməliyyatın qadağan edilməsi və ya həmin məbləğə görə vətəndaşın əlavə vergi ödəməsi deyil. Söhbət maliyyə institutlarının belə əməliyyatlar haqqında Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməsindən gedir.

Vətəndaş qanuni gəlirini bank hesabından başqa hesaba köçürürsə, böyük məbləğdə əmlak alırsa və ya digər əsaslandırılmış maliyyə əməliyyatı aparırsa, təkcə məbləğin 20 min manatı keçməsi həmin əməliyyatın avtomatik olaraq qanunsuz və ya şübhəli olması demək deyil. Şübhəli əməliyyatlar isə məbləğdən asılı olmayaraq ayrıca monitorinq edilə bilər”.

Ekspertin sözlərinə görə, əsas dəyişiklik bankların iri məbləğli əməliyyatlara daha çox diqqət yetirməsi və müştərinin pul vəsaitinin mənbəyi ilə bağlı məlumatların tələb oluna bilməsidir.

“Bu da şəffaf gəliri və sənədləşdirilmiş maliyyə fəaliyyəti olan şəxslər üçün ciddi problem yaratmamalıdır. Eyni zamanda, böyük məbləğli əməliyyatlar həyata keçirən şəxslərin gəlirin və vəsaitin mənbəyini təsdiq edən sənədləri saxlaması daha vacib olacaq.

Burada məqsəd nağd və elektron ödənişləri çətinləşdirməkdən çox, böyük pul dövriyyəsinin şəffaflığını artırmaqdır. Xüsusilə elektron ödənişlərin genişləndiyi bir şəraitdə maliyyə axınlarının izlənməsi həm qanunsuz gəlirlərin leqallaşdırılmasının, həm də şübhəli maliyyə əməliyyatlarının qarşısının alınması baxımından əhəmiyyət daşıyır”, - deyə Akif Nəsirli bildirib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR