5 milyon manatdan çox dövriyyəsi olan qanunsuz qumar şəbəkəsi ifşa edilib.
Bakıvaxtı.az xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən 6 nəfər saxlanılıb.
Belə ki, Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunan “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar.
Onların “Jaguar casino” və “Rahat casino” profilləri vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunları təşkil etdikləri, iştirakçıların isə “WhatsApp” və “Telegram” platformaları üzərindən cəlb olunduğu müəyyən edilib.
Mənzilə baxış zamanı qanunsuz fəaliyyətdə istifadə edildiyi müəyyən olunan 55 mobil telefon və 177 bank kartı, eləcə də digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyəti çərçivəsində həyata keçirdikləri maliyyə əməliyyatlarının ümumi dövriyyəsinin 5 milyon manatdan çox olduğu müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
















