• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıdan Tehrana AYDIN MESAJ: Azərbaycan mövqeyini ortaya qoydu

SİYASƏT

01 Oktyabr 2026 | 13:53 | Müəllif: Gülşən Şərif

Bakıdan Tehrana AYDIN MESAJ: Azərbaycan mövqeyini ortaya qoydu

Bir neçə gün öncə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib. Görüş zamanı Şahin Mustafayev bildirib ki, İran Azərbaycan üçün dost və qardaş ölkədir. İran və Azərbaycan arasında münasibətlərinin gərginləşdirilməsinə imkan verilməyəcək.

Baş nazirin müavini Şahin Mustafayevin bu fikrini bir mesaj kimi qəbul etmək olarmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki,  Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin iki ölkə münasibətlərinin gərginləşdirilməsinə imkan verilməyəcəyi barədə fikirlərini yalnız diplomatik protokol çərçivəsində qiymətləndirmək kifayət deyil. Dediyinə görə, açıqlamanın verildiyi vaxt və onun məzmunu göstərir ki, burada həm Tehrana, həm də regional proseslərdə iştirak edən digər aktorlara müəyyən siyasi mesajların çatdırılması məqsədi də var.

Müsahibimiz qeyd edib ki, ilk növbədə, mesajın birbaşa ünvanının İran olduğu görünür:

“Son dövrdə Bakı-Tehran münasibətlərində qarşılıqlı etimad məsələsi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Azərbaycan ərazisinin İrana qarşı hər hansı hərbi məqsədlə istifadə olunması ilə bağlı iddialar bizim tərəfimizdən narahatlıq doğuran məsələlərdən biri kimi davamlı şəkildə rəsmi Tehranın diqqətinə çatdırılıb. Şahin Mustafayevin bu fərziyyələri açıq şəkildə rədd etməsi Azərbaycanın Tehrana "Azərbaycan ərazisindən İrana qarşı təhlükə gözləməyin" məzmununda növbəti dəfə siyasi təminat verməsi kimi şərh oluna bilər”.

Politoloq deyib ki, ikinci mühüm mesaj İran daxilindəki müxtəlif siyasi və təhlükəsizlik dairələrinə yönəlib. Çünki söhbət yalnız Prezident Məsud Pezeşkianla görüşdən getmir:

“Azərbaycan nümayəndə heyəti İranın təhlükəsizlik, enerji və nəqliyyat strukturlarının yüksək səviyyəli rəsmiləri ilə də danışıqlar aparıb. Bu isə göstərir ki, Azərbaycan münasibətlərin təkcə siyasi deyil, təhlükəsizlik və iqtisadi ölçülərdə də sabit saxlanılmasında maraqlıdır".

Y.Bağırzadəyə görə, daha bir istiqamət isə daha geniş regional auditoriyadır. Azərbaycan faktiki olaraq bildirir ki, Bakı ilə Tehran arasında fikir ayrılıqları olsa belə, tərəflər bu fərqlərin qarşıdurmaya çevrilməsində maraqlı deyillər. Bu, xüsusilə regionda ABŞ-İran qarşıdurmasının və ümumi təhlükəsizlik gərginliyinin yüksək olduğu bir şəraitdə əhəmiyyətlidir. İranın hazırkı diplomatik gündəliyində də regional gərginliyin azaldılması və qonşu ölkələrlə əlaqələrin qorunması məsələsi ön plandadır.

Yusif Bağırzadə: Bakı ilə Tehran fikir ayrılıqlarının qarşıdurmaya çevrilməsində maraqlı deyillər

Həmsöhbətimiz bildirib ki, digər tərəfdən, açıqlamanı üçüncü ölkələrə yönəlmiş dolayı mesaj kimi də nəzərdən keçirmək olar:

“Burada söhbət konkret olaraq hansı dövlətin nəzərdə tutulduğunu iddia etməkdən deyil, Azərbaycanın öz ərazisi və xarici siyasəti ilə bağlı mövqeyini nümayiş etdirməsindən gedir. Bakı bununla demək istəyir ki, Azərbaycan qonşu İranla münasibətlərini hər hansı başqa dövlətin regional qarşıdurmasının alətinə çevirmək niyyətində deyil”.

“Nəhayət, açıqlamanın iqtisadi və nəqliyyat aspekti də var. Pezeşkianla görüşdə iki ölkə arasında ticarət, enerji, nəqliyyat və kommunikasiya layihələrinin genişləndirilməsi müzakirə olunub. İran Prezidenti də Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini və iki ölkə arasındakı nəqliyyat əlaqələrinin inkişafını vurğulayıb", - deyə müsahibimiz vurğulayıb.

Yusif Bağırzadə son olaraq bildirib ki, Azərbaycan Baş Naziri müavininin açıqlamasını bir neçə istiqamətli diplomatik mesaj kimi qiymətləndirmək olar:

“İrana Azərbaycanın düşmənçilik niyyətində olmadığı, İranın təhlükəsizlik dairələrinə Bakı ilə Tehran arasında etimadın zədələnməsinə yol verməməyin vacibliyi, regiondakı digər aktorlara isə Azərbaycan-İran münasibətlərinin xarici qarşıdurmaların təsiri altında gərginləşdirilməsinin arzuolunmaz olduğu mesajı verilir”.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR