Macarıstan Xorvatiya vasitəsilə dəniz yolu ilə neft tədarükünün təşkili və sonradan "Adriya" neft kəməri ilə Mərkəzi Avropaya nəqli barədə bir sıra ölkələr və şirkətlərlə danışıqlar aparır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Varşavada enerji əməkdaşlığı üzrə beynəlxalq konfransda iştirak edən Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan açıqlayıb.
"Biz regionun enerji təchizatı və enerji təhlükəsizliyi məsələləri, o cümlədən amerikalı tərəfdaşların dəstəyi ilə Xorvatiya və Slovakiya ilə danışıqlar aparırıq. "Adriya" neft kəməri regionumuzun neftlə təmin edilməsində əsas rol oynayır və tədarükün şaxələndirilməsi planlarının vacib bir hissəsinə çevrilməlidir", - nazir Varşavadan etdiyi videomüraciətdə bildirib.
Onun sözlərinə görə, Budapeşt artıq dəniz yolu ilə neft tədarükü üzrə müqavilələrin müzakirəsinə başlayıb.
"Məqsədimiz ən qısa müddətdə sərfəli, uzunmüddətli və davamlı sazişlər bağlamaqdır", - Kapitan vurğulayıb.
Nazir həmçinin Slovakiya, Xorvatiya və ABŞ nümayəndələri ilə "Adriya" neft kəmərinin bütün uzunluğu boyu maksimum yüklənmə şəraitində sınaqdan keçirilməsi barədə razılıq əldə edildiyini bildirib. Bu, kəmərin lazımi həcmdə xammal nəql etmək qabiliyyətini qiymətləndirməyə imkan verəcək.
Bundan əlavə, tərəflər tədarük həcmini artırmaq üçün Xorvatiyadakı neft terminalının və əlaqədar infrastrukturun daha da genişləndirilməsinin zəruriliyi ilə razılaşıblar.
Kapitan qeyd edib ki, Macarıstan müxtəlif enerji təchizatı marşrutlarını birləşdirən regional paylayıcı qovşaq rolunu möhkəmləndirmək niyyətindədir.
"Beləliklə, biz Macarıstan ərazisindən Slovakiya, Ukrayna, Moldova və digər ölkələrə tədarükü təmin edə biləcəyik", - nazir yekunlaşdırıb.
















