• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

47 illik düşmənçilik bitir? ABŞ-İran anlaşmasının DETALLARI

SİYASƏT

19 Iyun 2026 | 16:42

47 illik düşmənçilik bitir? ABŞ-İran anlaşmasının DETALLARI

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ideallıqdan və reallıqlardan, gerçək mahiyyəti özündə daşıyan prinsiplərdən ibarətdir. Siyasi sistem elədir ki, dünya nizamında, onun strukturunda  aparıcı mərkəzlər, ağırlıq daşıyan, mərkəzləşdiricı və ötürücü  qovşaqlar mövcuddur. 

“Siyasətin qaynar” mənbələri həm də axarları, yönləri özlərində daşıyırlar və siyasi sistemi şəbəkə kimi formalaşdırırlar. Şəbəkə sisteminin forma və mahiyyəti onu deməyə əsas verir ki,  dünya daim maraq dairələrinə bölünmüş vəziyyətdədir və bu proses ardıcıl xarakter kəsb edir. Sistem də özünün mövcudluğunu taraz və qeyritaraz vəziyyətdə təmin etmiş olur.  Adətən imperiya ruhlu xalqların mənsub və məxsus olduqları  böyük dövlətlər  regional və qlobal miqyasda geosiyasi maraqların təmin olunması funksiyasını daşıyırlar.  Həm də öhdəlik və məsuliyyət sahibdirlər. Bu metodla dünyanın ayrı-ayrı bölgələrində üstünlük əldə etmək  və təsir qazanmaq istəyi ilə yaşayırlar.  İmperiya mərkzələrini daxildən və xaricdən təmin edə bilirlər.  İndi dünyaların, mədəni-siyasi və coğrafi birliklərin imperiya ruhu onları passiv və aktiv, açıq və qapalı mübarizəyə, hətta birbaşa və dolayı müharibəyə sövq edir.

ABŞ özünün dünya sahibliyi hüququnu artıq neçə vaxtdır ki,  real olaraq dilinə gətirir. Beynəlxalq hüququn ideal normalarına məhəl qoymur. Lakin lazım olduqda, beynəlxalq hüququ da əsas gətirərək, normalar, müddəalar fonunda  özünün regional maraqlarını təmin etməyə çalışır. ABŞ-nin başlıca istəyi İranı 1979-cu il  11 fevral  tarixli  (məhz həmin  gün Şah rejimi devrilmişdir. İranda hər il “Fəcr ongünlüyü” kimi qeyd olunur) gününə qədər olan aktiv müttəfiqliyə qaytarmaqdan ibarətdir.  İranın da istədiyi məhz budur: -qapalı, passiv dostluq indi aktiv dostluğa çevrilsin. Təbii ki, ABŞ-nin həmişə olduğu kimi, formalaşmış xətt üzrə,   mübarizəsi digər dünyalar üzərində öz təsirini  saxlamaqdan və lazım gəldikdə, Rusiya, Çin, Türk dünyası, Ərəb dünyası, Hindistan kimi ölkələr arasında yaşanan rəqabət mübarizəsində özünün aktiv iştirakını və təsiredici gücünü sübuta yetirməkdən ibarətdir. Yəni, oyunçular şəbəkəsinin, komandasının tərkibi və təsiredici üzvü olmaq strategiyadır.

ABŞ üçün İranla, Mərkəzi Asiyanın aparıcı regional gücü ilə təxminən 47 illik passiv qalmış münasibətləri aktivləşdirmək  zamanı artıq gəlib çatmışdır. İranı bölgədə “özbaşına buraxmaq”, onu Çinin və Rusiyanın müttəfiqinə çevirmək və özünün iki böyük rəqibinin regional maraqlarına xidmət etdirmək ABŞ üçün heç də ürəkaçan deyildi. İranla passiv qalaraq, “məsafəli münasibətlər” böyük gücə malik olan potensialı  itirməkdən başqa bir şey deyildi.

Vaşinqton və İran arasında  məlum müharibədən sonra əldə olunduğu bildirilən və “İslamabad Anlaşma Memorandumu” adlandırılan 14 maddəlik sənədin müddəaları bu kimi siyasi təhlilləri və düşüncələri özündə ifadə edə bilir:

Sənədə əsasən, ABŞ, İran və Livan arasında hərbi əməliyyatlar daimi olaraq dayandırılır. Hərbi əməliyyatlardan istifadə və güc tətbiqi məsələsi dayandırılır. Livanın ərazi bütövlüyü qorunur- Bu, o deməkdir ki, bölgədə sülhün əldə olunması və davamlı təminatı  məqsədilə gerçək şərait yaradılır. Livan öz ərazi bütövlüyünü itirmir. Sülh danışıqlarının ardıcıllığı üçün imkalar açılır. Qarşılıqlı etimad məsələsi gündəliyə gəlir. Dinc məqsədlər regionun çiçəklənməsi və gələcək investiyalar üçün sabit mühiti şərtləndirir.

Qarşılıqı şəkildə suverenliyə hörmət amili bir norma kimi sənəddə əksini tapır. Burada İran üçün fayda ondan ibarətdir ki, ABŞ ölkənin, gələcək açıq müttəfiqinin indiki ərazi hüdüdları çərçivəsində bütövlüyünü təmin edir. Daha doğrusu, suverenliyə əl vurmur. Bu amil də onu deməyə əsas verir ki, güclü, bütöv İran ABŞ-a lazımdır. Regionda strateji maraqların güclü mərkəzlərdən təmin olunması üçün imkanlar yaranır. Həm də İran kimi inamlı, etibarlı müttəfiq qazanır. İran öz ərazi bütövlüyünün pozulmasından  ehtiyat  etməməyə başlayır.

Dördüncü maddə Hörmüzdəki blokadanı aradan götürməyi hədəfləyir. Bu da ABŞ üçün regionun  enerji sərvətlərinin sərbəst əldə etmək imkanı qazandırır. İran üçün faydası ondan ibarət olur ki, ABŞ bu ölkə yaxınlığından qoşunlarını geri çəkir. İran dənizdən ehtiyat etməməyə başlayır. Dünya ölkələri ilə sərbəst ticarət əlaqələrini qazanmış olur ki, bu da İrana maddi imkanlar qazandırır;

Beşinci maddə Hörmüzdən keçməklə gəmilərin sərbəstliyini, təhlükəsiz və ödənişsiz keçidini tənzim edir. Təbii ki, bundan ABŞ qazanacaq. Ona görə ki, neftin dünya bazarlarında qiymətinin artmasının qarşısı alınacaq. İranın Oman Sultanlığı ilə gəmi keçidi ilə bağlı məsləhətləşmələri İrana üstünlük qazandıracaq;

Altıncı maddə İrana böyük məbləğdə investisiya yatırımını nəzərdə tutur ki, bu da ABŞ və partnyor dövlətlərə, eləcə də İrana fayda verir. İranın ağır, tənəzzül dövrünü yaşayan  iqtisadiyyatı üçün əlavə sərmayələr qazandırır. Ölkənin sürətli inkişafına zəmin yaranır. ABŞ və digər maliyyə tərəfdaşları, sərmayədarlar üçün də iqtisadi qazanclar üçün yeni qapılar açılır;

Yeddinci maddəyə görə İran üzərindən sanksiyalar, beynəlxalq təcrid aradan qaldırılır. Təbii ki, bu da İran üçün faydalıdır. Əlavə qazanclar deməkdir. “Açıq qapı” doktrinasınn tətbiqi üçün şərait yetişir. Sanksiyaların aradan qalxması İran üçün valyuta gəlirlərinin çoxalmasını təmin edir. İran banklarının inkişafı üçün stimul yaradır;

Səkkizinci maddə İranın nüvə silahı əldə etməməsi ilə bağlıdır. Lakin hesab etmək olar ki, İran geosiyasi amillər nöqteyi-nəzərindən  gələcəkdə məhz ABŞ-ın, Yaxın müttəfiqinin köməyi və razılığı ilə  özünün nüvə silahını əldə etməyə çalışacaq. İran nüvə silahı əldə etməyi  hər zaman istəyib. Lakin istəklərini gizli saxlayıb. İran regional güc mərkəzi kimi öz təsirlərinin artmasını və qorunmasını məhz nüvə silahlı dövlət kimi mövcudluğunda görüb. Lakin ABŞ-la gizlənən, passiv müttəfiqlik buna imkan verməyib;

Digər maddələr nəyi nəzərdə tutur: sanksiyaların tam ləğvi, İran neftinin və neft məhsullarının daşınması üçün icazlərin verilməsi; bankların sərbəst fəaliyyəti, çıxış imkanları.

Təbii ki, hər bir beynəlxalq saziş beynəlxalq hüququn tərkibidir. Beynəlxalq münasibətlərin  hüquq sisteminin bazsı və əlavəsidir. 14 maddəlik ilkin saziş sonrakı açıq müttəfiqlik üçün başlanğıcdır.  İki dövlət arasında gələəck hüquqi bazanın möhkəmlənməsinə zəmin yaradacaq. Real beynəlxalq aktlar üçün ilkin şərt rolunu oynaya biləcək.

Sazişin ümumilikdə İran üçün faydaları nələrdən ibarət ola bilər:

Əvvəlcə sadlanan fikirlərə əlavə olaraq bu kimi müddəaları söyləmək olar:

- Rejimin olduğu kimi saxlanılması və rejim üçün ABŞ zəmanətinin alınması;

- Ərəb dünyası üzərində təsir məsələsində ABŞ-ın dəstəyi;

- ABŞ ilə müttəfiqlik fonunda Çin və Rusiya, həmçinin Ərəb dünyası ilə əlaqələrdə və münasibətlərdə ölkənin  statusunun möhkəmlənməsi;

- Regional güc mərkəzinə çevrilməsi;

- Türk dünyası üzərində nüfuz imkanları qazanması;

- ABŞ hesabına “kənar zəmanətçi”ni qazanması;

- Nüvə proqramı ətrafında beynəlxalq gərginliyin azaldılması, ardınca nüvə silahını əldə etmək üçün “yumşaq addımlar”ın atılmasına zəmin yaranması;

- Ölkənin ərazi bütövlüyü üçün zəmanətin qazanılması;

- Ölkə sakinləri içində ABŞ-dan qorxu amilinin aradan qalxması və s.

ABŞ üçün faydaları:

- İran kimi güc mərkəzi ilə açıq müttəfiqliyə gedir. Gələcəkdə İran ərazisində ordu yerləşdirmək, baza formalaşdırmaq  imkanı qazanır;

- ABŞ İran-Çin, İran-Rusiya əlaqələri üzərində birbaşa olmasa da belə, dolayı nəzarət imkanları qazanmış olur;

- Türk dünyasına çıxış imkanları genişlənir. İran vasitəsilə Mərkəzi Asiyaya giriş qapıları çoxalır;

- Ərəb dünyası ilə yaxınlıq əmələ gəlir.  Regionun siyasi müstəvisi  bütövləşir. Regional enberji layihələrinin təhlükəsizliyi təmin olunur;

- ABŞ Hörmüzdə təhlükəsiz naviqasiya imkanları əldə edir;

- Bölgənin enerejisinə nüfuz əldə etmiş olur. Xüsusilə, İran bazarına dolayı nəzarət əld etmiş olur;

- Rusyanın isti dənizlərə çıxışını məhdudlaşdırmaq imkanları əldə edir;

-İ ran kimi bölgədə nüvə silahına malik olan çoxmilyonluq baza əldə etmiş olur;

- Yaxınm Şərqin proksi (HƏMAS, Hizbullah) qüvvələrinə nəzarət imkanı qazanmış olur;

- İsraillə İranı yaxınlaşdırmaq imkanları əldə edir;

- İran üzərində unversal və fərdi nəzarət imkanları qazanmış olur. “Asiyanın ürəyi”ndə yeni dayaq əldə etmiş olur. 

Elşən Nəsibov

Siyasətşünas alim. Yazıçı-publisist

Bakıvaxtı.az üçün


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR