ABŞ və İran arasında Yaxın Şərqdəki münaqişənin sona çatdırılmasına yönəlmiş danışıqların İsveçrədə keçirilməsi planı təxirə salınıb. İsveçrə rəsmiləri iyunun 20-də Burgenştok kurortunda keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını açıqlayıblar.
ABŞ vitse-prezidenti Cey Di Vensin Cenevrəyə planlaşdırılan səfərini ləğv etməsi qərarın verilməsindən sonra sülh prosesinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik daha da artıb. Ağ Evin nümayəndəsi bildirib ki, danışıqların təşkili ilə bağlı logistika məsələləri həmişə mürəkkəb olub və ABŞ nümayəndə heyəti bütün hazırlıqlar yekunlaşan kimi yola düşməyə hazır idi.
İsveçrənin Xarici İşlər Nazirliyi görüşün keçirilməyəcəyini təsdiqləsə də, təxirə salınmanın səbəbləri barədə əlavə məlumat verməyib.
Xatırladaq ki, daha əvvəl iyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundunun keçirilməsi planlaşdırılırdı.
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran siyasi şərhçi Tural İrfan deyib ki, bu razılaşma ABŞ-nin müvəqqəti olaraq strateji geri çəkilməsi hesab oluna bilər və formal xarakter daşıyır.
Analitikə görə, sənədə görə aydın görünür ki, İran qalib gəlib:
“Amma ABŞ dövləti buna razı olarmı? Əsla. İran üçün bu razılıq sənədi toy-bayram sayılsa da, ABŞ-nin tələsi ola bilər. Çünki ABŞ savaşı davam etdirmək, hətta hakimiyyəti devirmək istəyirdi. Namizədi də vardı. Lakin əvvəlcədən olan yanlış hesablamalar, Türkiyə və Pakistanın ciddi olaraq İranı müdafiə etməsi vəziyyəti dəyişdi. Bu ölkələrin İranı ciddi müdafiə etməsinə əsas səbəb isə İsraillə bağlıdır. Çünki işin içində İsrailin olması ABŞ qarşısında böyük bir koalisiyanın formalaşmasına səbəb oldu. Yəni, İrana qarşı ABŞ-nin çəkilməsinə səbəbkar İsraildir. İran əhalisi narazı idi. Lakin onların devirmək istədiyi hakimiyyətin yerinə İsrailin şahın oğlunu təqdim etməsi xalqı təzədən yerinə oturtdu. İranın Hörmüz boğazını bağlaması, eyni zamanda xalqın təzədən hakimiyyətlə birləşməsi, raket hücumlarının qarşısının ABŞ və İsrail tərəfindən alına bilməməsi, İsraildə dəhşətli dağıntılar, Körfəz ölkələrinin vurulması, ABŞ liderinin ölkə daxilində ciddi təziqlərə məruz qalması və hərbi ekspertlərin quru qoşunları yeritməyin riskli olmasını deməsi ABŞ hökumətini vadar etdi ki, müvəqqəti olaraq razılıq əldə edib fasilə versin”.
Analitikə görə, ABŞ prezidenti Donald Trampın bu məsələyə yanaşmasının əsl mahiyyəti heç də verilən siyasi bəyanatlardakı mövqeyi əks etdirmir:
“ABŞ-nin siyasi kursunun formalaşmasında İsrailin və yəhudi lobbisinin əhəmiyyətli rolu var. İsrail də bu anlaşmadan narazıdır. Hətta anlaşmanın Livan bəndinə əməl etməyəcəyini bəyan edir”.

Tural İrfan: Anlaşmanın hələ çiy olduğu, real vəziyyət və proseslərlə uzlaşmadığı aydın görünür
Müsahibimiz vurğulayıb ki, eyni zamanda anlaşmada ABŞ-nin geri çəkilməsi, diktə edən tərəf olmaqdan çıxıb tabe olan tərəf obrazına girməsi ABŞ-nin bir çox siyasi dairələri tərəfindən məqbul hesab olunmur. Dediyinə görə, odur ki, bu anlaşmanı “su üzərində barmaqla yazılmış yazı hesab” olar:
“Anlaşma mətni anormal müddəalardan ibarətdir və reallaşması indiki halda real görünmür. Ən əsası, İsraillə, Livanla bağlı hissədə gərginlik davam edəcək. Eyni zamanda İranın da bunu bəhanə edərək nüvə zənginləşdirməsini dayandırmaqdan imtina edəcəyi gözlənilir. Həmçinin, dəymiş zərərin Körfəz ölkələri tərəfindən ödənməsinin Tramp tərəfindən önə sürülməsi ABŞ ilə həmin ölkələr arasında da Vaşinqtona etimadsızlıq yarada bilər. Necə ki, İranın bu ölkələrdəki ABŞ bazalarına hücumu zamanı bu baş vermişdi”.
T.İrfan əlavə edib ki, sazişin imzalanma mərasiminin təxirə salınması ilə bağlı müxtəlif rəylər var:
“Bunu İranın ABŞ nümayəndə heyəti ilə görüşdən və əyani insani ünsiyyətdən imtina etməsi ilə də izah edirlər. Lakin burada əsas olan ABŞ-nin tərəddüdləri və qeyri-ciddiliyidir. Eyni zamanda İsrailin təsirləri, yəhudi lobbisinin hərəkətə keçməsi onsuz da siyasi addımları mürəkkəb Tramp administrasiyasının mövqeyində tərəddüdlər yaradıb. Pərdə arxasında ciddi problemlər yaşandığı görünür. Çünki İsrailin ABŞ hökumətinə təsir rıçaqları işə düşərsə, Trampın özü belə geri çəkilməyə məcbur olar. Necə ki, “Epşteyn dosya”sının ortaya çıxarılması nəticəsində İrana hücuma Trampı razı saldılar. Bütun bunların fonunda bu anlaşmanın hələ çiy olduğu, real vəziyyət və proseslərlə uzlaşmadığı aydın görünür. Odur ki, yeni müharibə ehtimalı daha çoxdur və İsrailin Yaxın Şərqdəki böhran fonunda növbəti addımları istər-istəməz vəziyyəti dəyişəcək”.
Aydın Baxış
Bakı 



