Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala rayonunda vətəndaş qəbulu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, qəbul Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə keçirdiyi vətəndaş qəbulları çərçivəsində təşkil olunub.
İyunun 19-da Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilən qəbulda Zaqatala, Balakən və digər rayonlardan olan sakinlər iştirak ediblər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan əvvəl Zaur Mikayılov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhərin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşlar əsasən suvarma suyuna olan tələbatın təmin edilməsi, suvarma kanallarının beton üzlüklə örtülməsi, sel və daşqınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və bərpası, eləcə də işlə təminat məsələləri ilə bağlı müraciətlər səsləndiriblər.
Agentliyin sədri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan problemlərin ətraflı araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ həll olunması üçün aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir hissəsi yerindəcə öz həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icrası üçün müvafiq struktur bölmələrə yönləndirilib.
Qəbulda iştirak edən sakinlər bölgələrdə vətəndaş müraciətlərinə baxılması üçün yaradılan şəraiti yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bakı 






