Rəqəmsal dövrdə böyüyən nəsil ilə ənənəvi dəyərlərlə böyüyən nəsil arasında müəyyən fərqlər var. Biri üçün ailə dəyərləri həyatın əsas dayağıdırsa, digəri üçün azadlıq və özünüifadə daha vacibdir. Ənənəvi dəyərlərlə böyüyən nəsil üçün həyat qaydalar, sərhədlər və məsuliyyət üzərində qurulub. Rəqəmsal nəsil üçün isə həyat bir ekran qədər yaxın, məlumat bir saniyə qədər əlçatandır.
Rəqəmsal dövrdə böyüyən nəsillə ənənəvi dəyərlərlə böyüyən nəsillərin dəyər toqquşması cəmiyyəti hara aparır?
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, nəsillər arasında fikir ayrılığı yeni hadisə deyil:
"Turgenevin "Atalar və oğullar" əsəri nəsillərarası düşüncə və dəyər toqquşmasının klassik ifadəsinə çevrilib. Hər dövr öz düşüncə tərzini, davranış modelini və həyat prinsiplərini formalaşdırır. Rəqəmsal dövr isə bu fərqlərin yaranma sürətini artırıb. Nəsillər arasındakı psixoloji məsafəni daha görünən edib. Dəyərlərin dəyişməsi insanı yox etmir, cəmiyyəti də dağıtmır. İnsan mahiyyəti texnologiyadan daha geniş anlayışdır. İnsan öz dəyərlərini yalnız həyat prinsipi kimi deyil, şəxsiyyətinin və kimliyinin bir hissəsi kimi qəbul edir. Buna görə də fərqli düşüncə ilə qarşılaşanda onu bəzən özünə qarşı təhdid kimi qavrayır. Ənənəvi düşüncəyə bağlı nəsil dəyişiklik qarşısında təhlükəsizlik hissini itirir. Yeni nəsil isə başa düşülmədiyini və məhdudlaşdırıldığını hiss edir".

Rövşən Nəcəfov: "Cəmiyyətin gələcəyini ənənə ilə yeniliyin mübarizəsi müəyyən etmir"
Əsas problemin dəyişiklik olmadığını bildirən psixoloqun fikrincə, problem dəyişiklik qarşısında yaranan psixoloji müqavimət və fərqli düşüncəyə dözümsüzlükdür.
"Bir nəsil digərinin seçimlərini qəbul etmədikdə fikir ayrılığı şəxsiyyətlərarası münaqişəyə çevrilir. Burada çox vaxt müzakirə olunan dəyərin özü deyil. Əsas məsələ insanın özünü haqlı, təhlükəsiz və qəbul edilmiş hiss etmək ehtiyacıdır. Cəmiyyətin gələcəyini ənənə ilə yeniliyin mübarizəsi müəyyən etmir. Cəmiyyətin gələcəyini fərqlilikləri qəbul etmək, qarşılıqlı hörmət və dəyişikliklərə uyğunlaşmaq bacarığı müəyyən edir", - deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif
















