Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan əməkdaşların peşə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçiriləcək attestasiya prosesi ilə bağlı ilk məlumatlandırıcı görüş təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, iyunun 19-da Bakı şəhərində baş tutan görüşdə Attestasiya Komissiyasının üzvləri Bakı və Abşeron-Xızı regionlarında fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları ilə bir araya gəlib.
Görüş zamanı attestasiyanın məqsədi, keçirilmə qaydaları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, attestasiyanın əsas məqsədi kitabxana sahəsində insan resurslarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi, eləcə də vətəndaşlara göstərilən kitabxana xidmətlərinin keyfiyyətinin daha da artırılmasına xidmət edir.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının “Mədəniyyət Konsepsiyası – 2040” sənədində müəyyən edilmiş prioritetlərə uyğun olaraq kitabxana sisteminin müasirləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və kitabxanaların müasir bilik və ictimai ünsiyyət mərkəzləri kimi inkişafına yönəlib.
Görüş çərçivəsində iştirakçıların təklif və təşəbbüsləri də dinlənilib. Vurğulanıb ki, kitabxana işçiləri ilə birbaşa dialoqun gücləndirilməsi, attestasiyaya hazırlıq prosesinin daha səmərəli təşkili və sahədə yaranan məsələlərin operativ həlli məqsədilə bu formatda məlumatlandırıcı görüşlərin gələcəkdə də mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Bakı 



