Oktyabrın 10-da şənbə günü axşam Yer kürəsində qeydə alınan maqnit fırtınasının gücü G3 səviyyəsinə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, TASS-ın Tətbiqi Geofizika İnstitutuna istinadən yaydığı məlumata görə, maqnit fırtınası G3 səviyyəsinə çatıb ki, bu da beşballıq şkala üzrə güclü geomaqnit fırtınası hesab olunur.
Qeyd edək ki, geomaqnit fırtınaları Günəşdən gələn yüklü hissəciklərin Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Güclü fırtınalar peyk rabitəsinə, naviqasiya sistemlərinə və elektrik şəbəkələrinin fəaliyyətinə təsir göstərə, həmçinin qütb parıltılarının müşahidə olunduğu əraziləri genişləndirə bilər.
***
21:00
Yer kürəsində maqnit fırtınası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.
Kosmik hava monitorinqinin məlumatlarına görə, hazırda Yer kürəsinin maqnit sahəsində qeydə alınan pozuntular G1 səviyyəsinə uyğundur. Beşballıq şkala üzrə bu, zəif maqnit fırtınası hesab olunur. Şkalanın ən yüksək həddi olan G5 isə son dərəcə güclü maqnit fırtınasını ifadə edir.
Qeyd edək ki, cümə günü Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Yerə doğru üç günəş plazması buludunun hərəkət etdiyini açıqlayıb.
Alimlərin proqnozuna görə, bu buludlar maqnit fırtınalarına və qütb parıltılarına səbəb ola bilər.
















